Bu gün Avropa Liqasında qrup mərhələsinin 5-ci turunun oyunları keçirilib.

Open.az xəbər verir ki, turnirdə yeganə təmsilçimiz olan "Qarabağ" klubu da növbəti oyununa çıxıb.

Son Azərbaycan çempionu İstanbulda İsrailin "Makkabi" klubunu qəbul edib. Qrupda ilk xalını qazanmağa çalışan Qurban Qurbanovun komandası bu istəyinə nail olub. Görüşün 22-ci dəqiqəsində hesabda geri düşən "Qarabağ" 15 dəqiqə sonra Xayme Romeronun qolu ilə bərabərliyi təmin edib. Fasilədən sonra qapılara qol vurulmayıb və oyun 1:1 hesabı ilə başa çatıb.

Paralel keçirilən qrupun digər oyununda "Sivasspor" "Vilyarreal"ı qəbul edib və 0:1 hesabı ilə uduzub.

Qeyd edək ki, bu nəticələrdən sonra "Vilyarreal" 13 xalla turnir cədvəlinin ilk, "Makkabi" 8 xalla 2-ci, "Sivasspor" 6 xalla 3-cü pilləsində qərarlaşıb, İlk xalını qazanan "Qarabağ" isə 1 xalla qrupda sonuncu pilləni tutur.



3 dekabr

Avropa Liqası, 5-ci tur

İ qrupu

"Qarabağ" (Azərbaycan) - "Makkabi" (Təl-Əviv, İsrail) - 1:1

Qollar: Yonatan Kohen, 22-pen (0:1), Xayme Romero, 37 (1:1)

Baş hakim: Robert Hennessi (İrlandiya).

İstanbul. "Başakşəhər Fatih Terim" stadionu.


"Sivasspor" (Türkiyə) - "Vilyarreal" (İspaniya) - 0:1

Qol: Çukvueze, 75 (0:1)