AFFA İntizam Komitəsi 4 komandaya texniki məğlubiyyət verib.

Open.az milli assosiasiyanın rəsmi saytına istinadən xəbər verir ki, U-14 Liqasında UGİM (Ağdam) – UGİM (Beylaqan) matçının 65-ci dəqiqəsində qonaqlar meydanı tərk etdiyinə görə kluba 0:3 hesablı texniki məğlubiyyət verilib.

Boulevard Hotel U-15 Liqasının “Qarabağ” – “İsgəndər Cavadov BFA” görüşündə qonaqlar meydanı tərk etdiyinə görə kluba texniki məğlubiyyət verilib, hesab olduğu kimi (1:7) saxlanılıb.

U-13 Qızlar Liqasının “Zaqatala” – “Balakən” oyununun ikinci hissəsində meydan sahibləri meydanı tərk etdiyinə görə klub 0:3 hesablı texniki məğlubiyyətlə üzləşib.

Futzal üzrə Azərbaycan I liqasının “Baku Fans” – “Veqa” qarşılaşması baş tutmadığına görə qonaqlar 0:5 hesablı texniki məğlubiyyət alıblar.