"Yaşıllaşdırma şəhərsalma siyasətinin mühüm tərkib hissəsi olaraq, şəhər və şəhər ətrafı ərazilərdə ətraf mühitin sağlamlaşdırılmasına xidmət edir".

Open.az xəbər verir ki, bu sözləri Dövlət Ekspertiza İdarəsinin rəisi Bilal Dadaşov deyib. Onun sözlərinə görə, Bakı şəhərində son illər ərzində davam edən iri həcmli tikintilər, əhali artımı, şəhər infrastrukturunun sürətlə böyüməsi, atmosferə buraxılan zərərli qazlar və digər antropogen amillər mövcud yaşıllıq sahələrinin qorunmasına və yaşıllıqların genişləndirilməsinə kəskin ehtiyac yaradıb:

''Hazırda Bakı şəhərində mövcud olan yaşıllıqların ümumi sahəsi təxminən 14 min hektardır ki, bu da adambaşına 6 kvadrat metr təşkil edir. Ona görə də yaşıllıqların qorunması, miqyasının daha da genişləndirilməsi qarşıda duran ən mühüm vəzifədir və onların vacib olmayan tikintilər altına düşərək kəsilməsi hallarının olması yolverilməzdir. ETSN birmənalı olaraq belə hallara qarşıdır. Dövlət ekoloji ekspertizasının müsbət rəyi olan layihələr həyata keçirildikdə, qurumuş, təhlükə yaradan və xəstə ağaclardan başqa, ağac kəsilməsi qaydalara ziddir. Idarə rəisi bildirirb ki, Nazirlər Kabinetinin təsdiq etdiyi qaydalar çərçivəsində ağacların köçürülməsi aşağıdakı hallarda mümkündür:

-dövlət ehtiyacları üçün yaşıllıq altına düşən torpaqlar geri alındıqda;

-şəhərsalma və ətraf mühitə təsirin qiymətləndirilməsi sənədlərində nəzərdə tutulan, dövlət ekoloji ekspertizasının müsbət rəyi olan layihə həyata keçirildikdə;

-ağac və kol bitkiləri yerüstü və yeraltı mühəndis-kommunikasiya təminatı sistemlərinə mane olduqda.

Yeri gəlmişkən, bu günlərdə Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Yasamal rayonunda Şəfayət Mehdiyev küçəsinin Hüseyn Cavid prospektindən Əbdürrəhmanbəy Haqverdiyev küçəsinədək olan hissəsində yolun genişləndirilməsi üçün tikinti altına düşən ağacların köçürülməsinə müvafiq rəyin verilməsi ilə bağlı bizə müraciət daxil olub. ETSN-nin Dövlət Ekspertiza İdarəsinin əməkdaşları tərəfindən sözügedən əraziyə baxış keçirilib, 151 ağac və kol bitkisinin yol tikintisi altına düşdüyü müəyyən edilib''.

İdarə rəisinin sözlərinə görə, layihənin dövlət əhəmiyyəti və yol infrastrukturunun yaxşılaşdırılmasına müsbət təsir göstərəcəyi nəzərə alınaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 avqust 2016-cı il tarixli 321 nömrəli Qərarı ilə təsdiq edilmiş “Yaşıllıqların götürülməsi Qaydası”na müvafiq olaraq mövcud tələblər və qaydalar çərçivəsində tikinti altına düşən ağacların budanaraq kök torpağı ilə birlikdə münbit ərazilərə köçürülməsinə rəy verilib:

''Onu da qeyd edim ki, yaşıllıqlara qulluq göstərilməsi birbaşa Yaşıllaşdırma Təsərrüfatı Birliyinin xidməti vəzifəsinə aid olan məsələdir və yaşıllıqlara mövsümi budama xidməti göstərilməsi üçün ETSN-dən müvafiq rəy alınması tələb olunmur, bu tədbirlərin ağacların bioloji inkişafda olmadığı vaxtlarda aparılması zəruridir''.