"Ekologiya və Təbii Sərvətlər Nazirliyi əziyyətlə yetişdirilən ağacların məhv edilməsinə qarşıdır və bütün vasitələrlə təbiətə belə qəddar münasibətin qarşısını almağa çalışırıq".

Open.az xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat katibi İradə İbrahimova deyib. Onun sözlərinə görə, nazirlik ağacların kəsilməsinə və ya yaşıllıq sahəsinin bilərəkdən yox edilməsinə çalışanlara hər zaman qarşı durub və duracaq:

"Təəssüf ki, bəziləri bu məsələlərdə haqsız yerə bizi ittiham edir, bir neçə il əvvəlki, köhnə məlumatları yayır, ETSN-ni günahlandırmağa, kollektivin gördüyü işlərə kölgə salmağa çalışır".

"Yalançı vətənpərvərlik göstərib, əsassız ittiham edirlər ki, guya biz ağac kəsənlərlə əlbirik. Bu ittihamlar heç bir məntiqə sığmır. Biz, sağlam və şəffaf fəaliyyətimizi davam etdiririk. Bir daha bildiririk ki, nazirlik ağacların kəsilməsinə, yaşıllıqlara qəddar münasibətə qarşıdır və əksinə paytaxtda,regionlarda kütləvi surətdə ağac əkilməsinə, yaşıllıq sahələrinin miqyasının genişləndirilməsində maraqlıdır"- deyə İ.İbrahimova qeyd edib.

Mətbuat katibi əlavə edib ki, təkcə son payız və yaz ağacəkmə kampaniyalarında 2 milyondan çox ağac əkilməsi buna sübutdur: "Yaşıllıq altına düşən sahələrdə tikinti işlərinin aparılması bəzən ağacların kəsilməsi kimi arzuolunmaz hallar yaradır və bu, dərhal ETSN tərəfindən adekvat reaksiya ilə qarşılanır. Çox sevindiricidir ki, artıq belə vəziyyətlərdə ictimaiyyət də təpki göstərir, bizə dəstək verir, media orqanları məsələni diqqətdə saxlayır".