Bölgələrdə siçanabənzər gəmiricilərə qarşı mübarizə tədbirləri başlayıb

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Xidmətindən Open.az-a verilən məlumata görə, Respublika Bitki Mühafizəsi Mərkəzinin mütəxəssisləri tərəfindən Şəki, Qax, Zaqatala və Qobustan rayonlarında kənd təsərrüfatı bitkilərinin xüsusu təhlükəli zərərvericisi olan siçanabənzər gəmiricilərə qarşı fitosanitar müşahidələr və mübarizə tədbirləri davam etdirilir.

Şəki rayon Bitki Mühafizəsi Mərkəzinin mütəxəssisləri tərəfindən Qayabaşı, Sarıca, Qaratorpaq, Bolludərə, Turan, Suçma, Böyük Dəhnə, Baş Layıqçı, Baş Göynük, Şin, Çayqaraqoyunlu və Səbətli kəndlərini əhatə edən 22800 hektar sahədə fitosanitar müşahidələr aparılıb və 20350 hektar sahənin adıçəkilən zərərverici ilə sirayətləndiyi müəyyən edilib. Ümumilikdə 12750 hektarda kimyəvi mübarizə tədbirləri aparılıb ki, bunun da 8663 hektarı dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilib.

Qax rayon Bitki Mühafizəsi Mərkəzinin mütəxəssisləri tərəfindən 6710 hektar sahədə payızlıq taxıl sahələrində, meyvə bağlarında, çoxillik otlaqlarda və təbii otlaqlarda siçanabənzər gəmiricilərə qarşı fitosanitar müşahidələr aparılıb və Cəlayır, Ağyazı, Qum, Almalı, Ləkit, Qıpçaq, Əmircan və Əlibəyli kəndlərini əhatə edən 5330 hektar sahədə sirayətlənmə müəyyən olunub. Dövlət büdcəsi hesabına 2046 hektar sahədə kimyəvi mübarizə həyata keçirilib. Aparılmış mübarizənin bioloji səmərəliliyi 89% təşkil edib. Qalan sahələrdə isə mübarizə işləri davam etdirilir.

Zaqatala rayonunda adıçəkilən zərərvericilərə qarşı fitosanitar müşahidə və mübarizə tədbirləri davam etdirilir. Belə ki, Zaqatala rayon Bitki Mühafizəsi Mərkəzinin mütəxəssisləri tərəfindən 5450 hektar sahədə müşahidə aparılıb və 1600 hektar sahənin gəmiricilərlə zirayətləndiyi müəyyən olunub. Təsərrüfat subyektləri hesabına 645 hektar sahədə mexaniki, 620 hektar sahədə isə kimyəvi mübarizə tədbirləri həyata keçirilib.

Qobustan rayon ərazisində də adıçəkilən zərərvericilərə qarşı fitosanitar müşahidə və mübarizə tədbirləri başlayıb. Qobustan rayon Bitki Mühafizəsi Mərkəzinin mütəxəssisləri tərəfindən 4900 hektar sahədə müşahidə aparılıb və 2850 hektar sahənin siçanabənzər gəmirici ilə sirayətləndiyi aşkar olunub. 2618 hektar sahədə kimyəvi mübarizə tədbirləri aparılıb ki, bunun 2598 hektarı dövlət büdcəsi, 20 hektarı isə təsərrüfat subyektləri hesabına olub.

Bildirək ki, kimyəvi mübarizə tədbirləri zamanı brodifak 0.25% (0,03 kq/ha – 150 ədəd i.y.) preparatından istifadə olunub. Mübarizə tədbirləri ilə yanaşı, fermerlər və təsərrüfat subyektlərinin rəhbərləri ilə maarifləndirici söhbətlər aparılıb, təhlükəsizlik haqqında təlimat və tövsiyələr, broşurlar təqdim olunub.

Hazırda adıçəkilən rayonlarda siçanabənzər gəmiricilərə qarşı müşahidə və mübarizə tədbirləri davam etdirilir.

Siçanabənzər gəmiricilərə qarşı mübarizə aparılır