Azərbaycanın şimal bölgəsində yerləşən Quba və Qusar rayonlarının bir sıra dağlıq yaşayış məntəqələrinə qar yağıb.

Open.az xəbər verir ki, Qubanın dağ kəndləri olan Xınalıq, Qrız, Xaltan və Qonaqkənd kəndləri ağ örpəyə bürünüb. Ən çox yağıntı Qubanın Xınalıq və Qırız kəndinə düşüb. Belə ki, kəndlərdə qarın hündürlüyü 14 santimetrə çatıb.

Xaltan kəndindəki dağlarda isə qarın hündürlüyü 4 santimetr təşkil edir, temperatur da kəskin dəyişməyib. Qonaqkənd qəsəbəsinə isə az miqdarda qar yağıb.

Həmçinin, Qusarın Ləzə kəndinə də qar yağıb. Qarın hündürlüyü 10 santimetr, temperatur mənfi 10 C° təşkil edib.