''Vəhşi heyvan və quşların çoxalma və balalama dövründə ov fəaliyyətinə icazə verilmir''.

Open.az xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ovçuluğa Dövlət Nəzarəti Xidmətinin rəisi Füzuli Məmmədov bildirib.

Onun sözlərinə görə, iyunun 1-dən etibarən açıq elan edilən ov mövsümü 2020-ci il martın 7-dək davam edəcək: ''Ovçular Nazirliyin Regional Ekologiya və Təbii Sərvətlər İdarələrinə müvafiq sənədlərini təqdim etməklə ov üçün icazə ala bilərlər. Ovçuluqla məşğul olmaq üçün ilk növbədə ovçuluq bileti alınmalı, daha sonra isə müvafiq bank hesablarına rüsum ödənilməlidir. Alınmış ov icazəsində ovun müdddəti, ov üçün nəzərdə tutulmuş ərazi, ovlanacaq quş və heyvanın sayı dəqiq göstərilir. Ovçular bu tələbləri pozduğu halda məsuliyyətə cəlb edilir. Qeyd edək ki, vəhşi heyvan və quşların ovuna icazə verilərkən ilk növbədə onların bioloji xüsusiyyətləri əsas götürülür. Yəni vəhşi heyvan və quşların çoxalma və balalama dövründə ov fəaliyyətinə icazə verilmir. Bu səbəbdəndir ki, heyvan və quşların ov icazəsi müddətləri ciddi fərqlənir, bəzi növlərə mövsümün əvvəlində, bəzilərinə isə sonunda icazə verilir və ya bir sıra növlərin ovlanma müddəti cəmi 1,5-2 ay olduğu halda, digər növləri 4-5 ay ərzində ovlamaq olar. Ov turizmi ilə məşğul olanlara bir daha müraciət edirik ki, ov qaydalarına ciddi əməl etsinlər, icazə olmayan yerlərdə - sərhədyanı və ya cəbhə zonasına yaxın inzibati rayonların ərazilərində, Xəzər dənizinin adalarında, yaşıl zonalarda, şəhərlərin və kurortların ətrafında yerləşən ən azı 1,5 kilometrə qədər sahələrdə, xüsusi mühafizə olunan ərazilərin daxilində və sanitariya-mühafizə zonalarında ov etmək qadağandır".

Fizüli Məmmədov bildirib ki, məqsəd ölkədə sivil qaydada ovun aparılmasını təmin etməkdir: ''Azərbaycan Respublikasının “Qırmızı kitab”ına və Beynəlxalq Qırmızı Siyahıya adları düşmüş quş və heyvanların ovuna icazə verilmir. Quşlardan turac, ərsindimdik, fısıldayan qu, qızılqaz, talış qırqovulu, mərmər cürə, bəzgək, dovdaq, Qafqaz uları, tetra, heyvanlardan ceyran, maral, cüyür, köpkər, qarapaça, qonur ayı, bəbir və digərlərinin ovu qadağandır. Vəhşi heyvan və quşların sayını tənzimləmək məqsədilə qaban (çöl donuzu) Lənkəran, Astara, Lerik, Qax, Cəlilabad, Zaqatala, İmişli, Qusar, Xaçmaz, Neftçala, Yardımlı, Şəki və İsmayıllı, dağıstan turu Zaqatala, Şəki, Qax, İsmayıllı, Quba, Oğuz, dovşan Şabran, Kürdəmir, Salyan, Neftçala, Cəlilabad, Biləsuvar, Yevlax, Lənkəran, Zaqatala, Ağstafa, Qazax, Zərdab, Masallı, Quba, Xaçmaz, İmişli, Sabirabad, Saatlı rayonlarının müvafiq ov sahələrində və ovçuluq təsərrüfatlarında, vəhşi quşlar- yalnız ovçuluq təsərrüfatlarının ərazilərində və ya xüsusi müəyyən olunmuş ov sahələrində ovlana bilər. Məqsədimiz ölkədə sivil qaydada ovun aparılmasını təmin etməkdir''.

Şəfiqə Nazimqızı