Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin direktoru Umayra Tağıyeva iyulda müşahidə edilən qeyri-sabit hava şəraitini analiz edib.

Open.az xəbər verir ki, onun sözlərinə görə, iyulun 10-da ölkənin ayrı-ayrı rayonlarında qısamüddətli yağış yağacağı gözlənilir. Mülayim və arabir güclənən qərb küləyi əsəcək.

Əksər mərkəzi Aran rayonlarında havanın minimal temperaturu 20-25 dərəcəyədək, maksimal temperatur isə 32-37 dərəcəyədək təşkil edəcək. Dağlıq rayonlarda gecə 11-16 dərəcə, gündüz isə 19-24 dərəcə isti olacaq.

Avropanın şimalından daxil olan və bu mövsüm üçün nisbətən sərin hava kütlələri və atmosfer cəbhələri havanın qeyri-sabitliyini təmin edib.

Bakı və Abşeron yarımadasında dəyişkən buludlu, əsasən yağmursuz hava şəraiti üstünlük təşkil edəcək. Arabir güclənən şimal-qərb və şimal küləklərinin axşam saatlarında zəifləyəcəyi gözlənilir.

Havanın temperaturu 30-35 dərəcə təşkil edəcək ki, bu da bu ayın iqlim normasına yaxındır.

Tibbi-meteoroloji proqnoz

İyulun 11-dən başlayaraq iyulun 12-si günün 1-ci yarısınadək atmosfer təzyiqi 755 mm civə sütunundan 750 mm civə sütununadək enəcək. Mülayim cənub-şərq və cənub küləyi fonunda havanın nisbi rütubətliliyinin artacağı müşahidə olunacaq ki, bu da meteohəssas insanlarda narahatlıq yarada bilər.