Xaçmaz rayonunda yağan güclü yağışlar ciddi fəsadlar törədib.

Open.az "Report"un Şimal bürosuna istinadən xəbər verir ki, bir neçə gün əvvəl rayon ərazisində yağan güclü yağış selə və subasmalara səbəb olub.

Xaçmaz Rayon İcra Hakimiyyəti başçısının birinci müavini, Rayon Fövqəladə Hallar Komissiyasının sədri Bəxtiyar Osmanov "Report"a açıqlamasında bildirib ki, hazırda fəsadların aradan qaldırılması istiqamətində işlər aparılır: "Yağış 200-dən artıq evə və təsərrüfata ziyan vurub. Xaçmaz şəhərinin bəzi küçələrində sel suları evlərin zirzəmilərinə və alt mərtəbələrə dolub, həyətyanı sahələri su basıb. Artıq yüzdən artıq ev və həyətindən sular xüsusi nasoslar vasitəsilə çəkilib".

Onun sözlərinə görə, güclü yağış rayon ərazisinin 80 faizində elektrik enerjisinin təhcizatında da fəsadlara səbəb olub: "Görülən tədbirlər nəticəsində artıq problemlərin bir hissəsi həll edilsə də, rayonun 30-dan çox kəndində (Qaraçı, Niyazoba, Hülövlü kəndləri istiqamətində) elektrik enerjisinin verilişi bərpa olunmayıb. Nabran istiqamətində olan yaşayış məntəqələrinə elektrik enerjisinin verilməsi təmin olunub. Fəsadların aradan qaldırılması istiqamətində işlər davam etdirilir".

Güclü yağış Xaçmazda 30-dan çox kəndi elektrik enerjisiz qoyub