Fevralın 7-8-də güclü geomaqnit həyəcanlaşması olacaq.

Bu barədə Open.az-a AMEA-nın Şamaxı Astrofizika Rəsədxanasından məlumat verilib.

Məlumatda bildirilib ki, hazırda Günəşin görünən diskində heç bir Günəş ləkəsi müşahidə olunmur və gündüz ulduzumuz olan Günəş generasiya etməyə qadir deyil:

“Günəşin səthində orta ölçüyə malik növbəti tac dəliyi formalaşıb. Tac dəliyindən yüksək sürətli Günəş küləyi (yüklü zərrəciklərdən ibarət plazma) öz başlanğıcını götürərək planetlərarası fəzaya, o cümlədən, Yerə doğru yönəlmiş olur. Tac dəliyindən “əsən” Günəş plazma küləyinin təsirlərinin 7-8 fevral tarixlərində Yerə çatması gözlənilir.

Həmin plazma küləyi Yer maqnetosferində həyəcanlaşma yaradacaq və nəticədə, hətta zəif səviyyəli geomaqnit qasırğasının baş verəcəyi də gözlənilir. Sonuncu güclü həyəcanlaşma və qısamüddətli qasırğa fevral ayının əvvəlində baş verib. Planetlərarası maqnit sahəsinin Z komponentinin istiqaməti cənubu göstərərsə, 7-8 fevral tarixlərində müşahidə olunacaq geomaqnit həyəcanlaşması daha da güclü olacaq. Bu gün üçün geomaqnit həyəcanlaşmasını xarakterizə edən əsas Kp indeksinin qiyməti 1-3 arasında dəyişir.

Ehtimal olunur ki, 7-9 fevral tarixlərində bu qiymət qalxacaq. Hazırda atmosfer təzyiqi normadan yüksəkdir”.

Şəfiqə Nazimqızı