"Balıq ovu ilə məşğul olanlar dənizdən anlayışı olan insanlardır. Dənizə balıq ovuna gedən şəxslərə möhürlü icazəni isə Dövlət Sərhəd Xidməti verir". Open.az xəbər verir ki, bunu Daxili İşlər Nazirliyi Su Nəqliyyatında Polis İdarəsinin Brakonyerliyə qarşı mübarizə və balıq ehtiyatlarının mühafizəsi bölməsinin rəisi Elmir Süleymanov deyib.

Onun sözlərinə görə, bəzi balıqçılar həmin möhürə məhəl qoymadan, kiminsə gözündən yayınaraq dənizə gedir: "Həmin balıqçılara səslənirik ki, belə hallara yol verməsinlər. Hava şəraiti uyğun olmayan, yaxud başqa vaxt sənədinə möhür vurulmadan dənizə çıxan balıqçılar sahilə qayıdanda tutulduğu zaman cərimə edilir. Belə faktların sayı il ərzində çox olur".

E.Süleymanov həmçinin onu da qeyd edib ki, müvafiq ölçülərdən kiçik balıqları satanlar cəzalandırılır:

"Kimlərsə elə bilirlər ki, müəyyən ölçülərdən kiçik balıqları sata bilərlər. Bununla bağlı monitorinqlər aparılır, bazarlarda, yol qıraqlarında kiçik ölçülü balıq satanlar cəzalandırılır".