Dövlət Dəniz Agentliyinin Milli Mərkəzinə təhlükəli hidrometereoloji hadisə haqqında xəbərdarlıq daxil olub.

Open.az xəbər verir ki, xəbərdarlıqda bildirilir ki, mayın 23 – ü gündüzdən 24 – ü axşamadək Xəzər dəniz akvatoriyasında şimal-qərb, şimal küləyinin sürəti 19-24 metr saniyədən arabir 28-33 metr saniyəyədək güclənəcək, 23 – ü axşam, 24 – nə keçən gecə isə açıq dənizdə arabir 35-38 metr saniyəyədək şiddətlənəcək. Dalğanın hündürlüyü 3-5 metr, sonrakı inkişafda 6-8 metr və daha çox olacaq.

Qeyd edək ki, bu gün hava proqnozu Dövlət Dəniz Agentliyinin Milli Mərkəzinə daxil olan andan etibarən gəmi sahibləri, liman kapitanları, liman nəzarət müfəttişləri müvafiq tədbirlərin həyata keçirilməsi və xidmətin gücləndirilməsi ilə bağlı təlimatlandırılıb. Gəmilərin Hərəkətinin İdarəetmə Xidmətinin ərazisində lövbərdə duran və hərəkətdə olan gəmilərə məlumatlar ötürülüb, müvafiq təlimatlar verilib.

Hava şəraitinə uyğun olaraq gəmilərin təhlükəsiz şəkildə lövbər sığınacaqlarında dayanması təmin edilib.