Bu gün Dənizkənarı Milli Parkda “Sərhədsiz diplomatiya” Beynəlxalq Uşaq Diplomatiyası Mərkəzinin fəaliyyəti çərçivəsində Bakı Avropa Liseyinin təşəbbüsü və Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Botanika İnstitutunun, Mərkəzi Nəbatat Bağının və Dənizkənarı Bulvar İdarəsinin dəstəyi ilə “Yaşıl dalğa” ekoloji hərəkatının ilk aksiyası keçirilib.

Open.az xəbər verir ki, aksiya 6 oktyabr - Dünya Yaşayış Məskənlərinin Müdafiəsi Gününə həsr olunub. Hər il bu gündə bütün bəşəriyyətin diqqətini Yer planetinin flora və faunasının qorunması probleminə cəlb etmək məqsədilə beynəlxalq bayram keçirilir. İnsanların təbiət qanunlarına və ərazisinə nəzarətsiz müdaxiləsi yüzlərlə bitki və heyvan növünün məhvinə gətirib çıxarıb. Azərbaycanda ekoloji problemlərə ölkə rəhbərliyi tərəfindən daim diqqət yetirilir.

Keçirilmiş ekoloji aksiyanın diqqət mərkəzində Azərbaycanın endemik bitkilərinin qorunması durur. Aksiyada Bakı Avropa Liseyinin, Müasir Təhsil Kompleksinin, paytaxtın 6 və 132-134 nömrəli məktəblərinin şagirdləri iştirak ediblər.

Aksiyanın məqsədi dünya ictimaiyyətinin, xüsusilə bəşəriyyətin gələcək inkişafının qayğısına qalacaq və qlobal ekosistemin tarazlaşdırılmasının bərpası estafetini qəbul edəcək gənc nəslin diqqətini ətraf aləmin bugünkü problemlərinə cəlb etməkdir.

Aksiya üç hissədən ibarət olub. AMEA-nın Botanika İnstitutunun sistematika və biomüxtəliflik şöbəsinin müdiri Rəşad Səlimov şagirdlərə Azərbaycan endemikləri barədə interaktiv mühazirə keçib.

Sonda uşaqların adları yazılmış bəzi endemik bitkilərin toxumları təqdim olunub və onlara bu bitkilərə Novruz bayramınadək öz evlərində necə qulluq edəcəkləri və sonradan əkəcəkləri haqqında məlumat verilib. Aksiya iştirakçılarının bir hissəsi Azərbaycanın “Qırmızı Kitabı”na salınan və digər endemik bitkilərin tinglərini (dəmirağacı, Lənkəran akasiyası, nar ağacı, şabalıdyarpaq palıd, sərv ağacı, Eldar şamı) mütəxəssislərlə birgə Dənizkənarı Milli Parkda xüsusi ayrılmış sahədə əkiblər. Qeyd edilən bütün bitkilər və tinglər AMEA Mərkəzi Nəbatət Bağının hədiyyəsidir.