"Payız fəslinin ikinci ayı, oktyabr nisbətən mülayim, bəzi rayonlarda az yağışlı hava şəraiti ilə başlayıb".

Open.az xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin direktoru Umayra Tağıyeva deyib.

O bildirib ki, havanın temperaturu iqlim norması daxilində tərəddüd edir: "Yaxın günlərdə də komfort temperature şəraiti və əsasən mülayim külək gözlənilir ki, bu da xoş əhval yaradacaq. Ayın 7-dək cənub-şərq, cənub küləyi əsəcək, küləyin sürəti 8-13 m/s təşkil edəcək. Temperatur 24-27 dərəcəyə yaxın olacaq. Havanın əsasən yağmursuz keçəcəyi, lakin oktyabrın 4-dən 5-nə keçən gecə bəzi yerlərdə yağış ehtimalı var".

U.Tağıyeva qeyd edib ki, əksər rayonlarda əsasən yağmursuz hava şəraiti müşahidə olunsa da, axşam saatlarında bəzi şimal rayonlarında və Lənkəran-Astara bölgəsində yağış yağacağı gözlənilir: "Havanın temperaturu Aran rayonlarında 25-30, dağlıq rayonlarda 15-20 dərəcə isti təşkil edəcək. Çoxillik meteoroloji müşahidələrə görə bu gün (2 oktyabr) üçün ən yüksək temperatur Bakıda qeydə alınıb. 2012-ci ilin 2 oktyabrında Bakıda ən yüksək isti - 30,5 dərəcə, 1941-ci ilin 2 oktyabrında isə ən aşağı isti - 8,1dərəcə qeydə alınıb".