Kənd Təsərrüfatı Nazirliyi tabeliyində Dövlət Toxum Fondunun Ağcabədi rayonunun Hüsülü kəndi ərazisində dənli bitkilərin toxum emalı zavodu inşa edilir.

Bu barədə Open.az-a Azərbaycan Kənd Təsərrüfatı Nazirliyindən bildirilib.

Ötən ilin dekabr ayından başlayan tikinti işləri növbəti ilin səpin vaxtına kimi yekunlaşacaq. Ümumi sahəsi 1 hektardan çox olan müəssisədə artıq son tamamlanma işləri aparılır. Ağcabədi Toxum Emalı Zavodu saatda 5 ton toxum emal etmək gücünə malik olacaq.

Zavod inzibati binadan, toxumtəmizləyici mərkəzdən, emal prosesindən əvvəl toxum materialının boşaldılması və hazır toxumların saxlanılması üçün nəzərdə tutulan anbarlardan ibarətdir. Müəssisədə toxumun keyfiyyət və məhsuldarlıq parametrləri üzrə müayinə edilməsi üçün müasir standartlara uyğun laboratoriya quraşdırılıb.

Zavodda emal prosesi dörd mərhələdə aparılacaq. İlk mərhələdə dənli bitkilərin içərisindəki daş qırıntıları və saman çöpləri təmizlənəcək. İkinci mərhələdə vələmir, üçüncü mərhələdə xırda buğdalar, dördüncü mərhələdə isə buğda köynəyi və boş buğdalar təmizlənəcək. Təmizlənmiş buğdalar sürmə xəstəliyinə qarşı maddə ilə dərmanlanaraq 50 kiloqramlıq kisələrə yığılacaq. Ağcabədi toxum emalı zavodunun əsas üstünlüyü toxum emalını az itki ilə həyata keçirməsidir.

Zavodda fermerlərin emal prosesini onlayn rejimdə müşahidə edə bilməsi üçün bütün zəruri tədbirlər görülüb. Bu məqsədlə zavodun emal, dərmanlama, qablaşdırma, laboratoriya və tərəzinin yerləşdiyi hissəsində yüksək rezolusiyalı kameralar quraşdırılıb. Bu kameralar vasitəsi ilə fermerlərin təqdim etdikləri toxumların emalı prosesini onlayn qaydada, real zaman rejimində izləmək mümkün olacaq. Toxum emalı prosesini müşahidə etmək üçün fermerlərə ilk növbədə İP təqdim ediləcək. Bununla da onlar toxumların təmizlənməsi prosesini məsafədən müşahidə etmək imkanını əldə edəcəklər.

Ağcabədi Toxum Emalı Zavodu mövsumdə toxum istehsalçılarının yüksək reproduksiyalı toxumlarla təmin edilməsində vacib rol oynayacaq. Burada yerli iqlim şəraitinə və xəstəliklərə davamlı toxumlar emal ediləcək, fərdi toxumçuluq təsərrüfatlarından tədarük olunan toxumların təmizlənməsi, qablaşdırılması, sertifikatlanması həyata keçiriləcək.