Rafael Ağayev (-75 kq) 2019-cu il mövsümünə medalla başlayıb.

Open.az Azərbaycan Milli Karate Federasiyasına istinadən xəbər verir ki,Fransanın paytaxtında Karate1 Premyer Liqasının "Paris Open" mərhələsində çənəsi və burnundan iki zədə alan milli komandanın lideri, bu nüfuzlu turniri gümüş medalla başa vurub.

Bundan başqa R.Ağayev Dünya Karate Federasiyasının (WKF) ötən mövsümün ən yaxşı idmançıları üçün təsis etdiyi "Grand Winners"-in mükafatçılarından biri olub. Namizədlərə mükafatları Yaponiyanın Fransadakı səfiri Masato Kitera və WKF-in prezidenti Antonio Espinos, həmçinin təşkilatın baş katibi Toşixisa Naqura təqdim edib.

"Kiçik dünya çempionatı" adlandırılan "Paris Open" turnirində 82 ölkədən 776 idmançı iştirak edib. Beynəlxalq hakim Cahangir Babayev, məsul final görüşlərini idarə edən referilər arasında olub. Karateçilərimizin növbəti rəsmi yarışı fevralın ortaları Karate1 Premyer Liqasının Dubay mərhələsi olacaq.