Rusiya Prezidenti Vladimir Putin, UFC-də yüngül çəki dərəcəsində irlandiyalı Konor Makqreqoru məğlub edərək çempionluğunu qoruyan Nurməhəmmədovu təbrik edib.

Open.az Rusiya mətbuatına istinadən xəbər verir ki, UFC-də yüngül çəki dərəcəsində irlandiyalı onor Makqreqoru məğlub edərək, çempionluğunu qoruyan Həbib Nurməhəmmədovla görüşüb.

Kremldən edilən açıqlamada, Dövlət Başçısı Putin, Ulyanovskta etdiyi görüşdə Nurməhəmmədovu qazandığı qələbə münasibətilə təbrik edib.

İdmançının fərdi olaraq müsabiqəyə qatılsa da, Rus vətəndaşı olduğunu xatırladan Putin, öz vətəndaşlarına necə rəftar edildiyinin əhəmiyyətli olduğunu bildirib. Nurməhəmmədovu yaxından izlədiklərinin və onun üçün narahat olduqlarını dilə gətirən Putin, hər bir halda idmançının yarışda əldə etdiyi qələbənin haqqı olduğunu ifadə edib.

İdmanın dostluğa həsr edilmiş bir hərəkət olduğunu bildirən Putin, Nurməhəmmədovdan rəqibləri ilə nəzakətli, rəqabətə davamlı və xoş insani münasibətlər qurmasını istəyib.

Ölkə olaraq bir böyük ailə olduqlarını və nə olursa olsun, ifratlardan çəkinmək lazım olduğunu qeyd edən Putin, "Əgər xaricdən bir müdaxilə gələrsə, o zaman təkcə sən yox, əlbəttə, biz də qarşı çıxırıq. Amma ən yaxşısı işlərin bu nöqtəyə gəlməməsini təmin etməkdir" deyib.

Həbib Nurməhəmmədov isə özünün yalnız rinqin xaricinə tullanması deyil, apardığı mübarizə ilə qiymətləndirilməsini istəyib.

Nurməhəmmədov, "Ölkəmə, ailəmə hörmətsizlik edən Makqreqordan fərqli olaraq yaxşı davranış nümayiş etdirməyimə baxmayaraq, hələlik yalnız rinqin xaricinə tullanmağım barədə danışırlar. Ancaq mən şərəfli bir davranış nümayiş etdirdim" deyib.

Bəzi anlarda nəzarətini itirdiyini bildirən Nurməhəmmədov, yarış zamanı təxribatlar ola biləcəyini bildirib.

Xatırladaq ki, ABŞ-ın Las Veqas şəhərində UFC-də yüngül çəki dərəcəsində rusiyalı Həbib Nurməhəmmədovla, irlandiyalı Konor Makqreqor qarşılaşmışdı. Rəqibini 4-cu raundun sonunda məğlub edən Nurməhəmmədov, çempion kəmərini qoruyub saxlaya bilmişdi.

Qeyd edək ki, Nurməhəmmədov yarışın axırında təhqir olunduğu üçün rinqin kənarına tullanaraq, davaya səbəb olmuşdu.