Macarıstanın paytaxtı Budapeştdə güləş üzrə dünya çempionatı davam edir.

Open.az xəbər verir ki, yarışın beşinci günündə qadınlardan ibarət yığmamızın son dörd üzvü mübarizəyə qoşulub. Güləşçilərimizin ikisi səkkizdəbir finaldan, ikisi isə təsnifat mərhələsindən yarışa başlayıb.

Qadınlardan ibarət yığmamızın kapitanı Mariya Stadnik (50 kq) səkkizdəbir finalda isveçli rəqibinə vaxtından əvvəl qalib gəlib. Millimizin ən titullu güləşçisi dörddəbir finalda dünya çempionu və Rio Olimpiadasının bürünc medalçısı olan çinli rəqibinə də heç bir şans verməyib və adını yarımfinala yazdırıb. Finalın bir addımlığında dörd il əvvəl yeniyetmələr arasında Olimpiya çempionu olan Şimali Koreya təmsilçisi ilə ağır qarşılaşmadan qalib ayrılan Stadnik karyerasında dördüncü dəfə dünya çempionatının finalına vəsiqə qazanıb. Mariya oktyabrın 25-də qızıl medal uğrunda Yaponiya güləşçisi ilə qarşılaşıb. Yığmamızın üzvü son görüşdə uduzub və gümüş medal qazanıb.

Qeyd edək ki, 50 kiloqram çəki dərəcəsində mükafatlandırma mərasimində Azərbaycan Güləş Federasiyasının (AGF) prezident əvəzi Namiq Əliyev də iştirak edib. Yaponiya güləşçisi - çempion Yui Susakiyə qızıl medalı və çempionluq kəmərini AGF-nin rəhbəri təqdim edib.