İranın idman tarixində Olimpiya medalı əldə edən ilk qadın idmançı, 1998-ci ildə İranın Kərəc şəhərində azərbaycanlı ailəsində anadan olan Kimya Əlizadə ölkəsini tərk edib.

Open.az xarici mətbuata istinadən xəbər verir ki, 21 yaşlı taekvondoçu bu barədə sosial şəbəkə hesabında məlumat yayıb.

Qazandığı medalları İran hökumətinin siyasi məqsədləri üçün istifadə etdiyini bildirən Kimya Əlizadə: "İkiüzlülüyün, yalanların, ədalətsizliyin bir parçası olmaq istəmirəm" deyərək İran İslam Respublikasını tərk edib.

Kimya Əlizadə bildirib ki, İran hökuməti onun qazandığı medalların hesabına müəyyən məqamlarda ad çıxarsalar da, hər zaman onu alçaltmaqla da məşğul olublar. Belə ki, Kimya Əlizadə bildirib ki, onun haqqında : "Bir qadın üçün baldırlarını, ombasını burcutmaq iffətli hərəkət deyil" kimi ifadələr səsləndirilib.

İranın rəsmi xəbər agentliyi olan İSNA-nın yaydığı məlumata görə Kimya Əlizadə hazırda Hollandiyadadır və Tokio Olimpiyadasında başqa ölkənin bayrağı altında yarışacaq.

Qeyd edək ki, 21 yaşlı taekvondoçu Kimya Əlizadə Əlizadə 2015-ci ildə Çelyabinsk şəhərində keçirilən Dünya Çempionatında və 2016-cı ildə Rio-de-Janeyro şəhərində keçirilən Yay Olimpiya Oyunlarında bürünc medal qazanıb.

Kimya Əlizadənin adı 2019-cu ildə BBC-nin "100 ilham verən qadın" siyahısında yer alıb.

Xatırladaq ki, Kimya Əlizadənin atası Təbriz şəhərinin yaxınlığında yerləşən Zunuzdan, anası isə Ərdəbildəndir.

Ülviyyə Həsənqızı

İranın idman tarixində Olimpiya medalı əldə edən ilk  qadın idmançı ölkəsini tərk etdi