Mütləq Döyüş Çempionatının (UFC) yüngül çəkidə qalibi olan rusiyalı samboçu Həbib Nurməhəmmədovu Azərbaycana döyüşə dəvət ediblər.

Open.az "TASS"a istinadən xəbər verir ki, bu barədə Nurməhəmmədovun atası və məşqçisi Abdulmanap Nurməhəmmədov bu gün Mahaçqalada keçirilən oğlunun avtobioqrafik kitabının təqdimatında söyləyib.

O, Həbib Nurməhəmmədovun diskvalifikasiya olunacağı təqdirdə hər gün məşq edəcəyini və dünyanı gəzəcəyini bildirib. Məşqçi artıq 6 ölkənin prezidentindən dəvət aldıqlarını, lakin bu dəvətlərə müsbət cavab vermək imkanına malik olmadıqlarını etiraf edib: "Dəvətlərin arasında Malayziya, İndoneziya, o cümlədən Azərbaycan və Türkmənistan var. Qırğızıstan prezidenti özü şəxsən bizi dəvət edib. Bu ölkədə bizə çox yaxşı mühafizə ayırdılar və bizi hamıdan xoş qarşıladılar".

Abdulmanap Nurməhəmmədov vurğulayıb ki, oğlu 100 günlük məşq düşərgəsinə girməyə və rəqiblə mübarizə etməyə hazır olmalıdır. Ancaq məşqçi Həbib ilə birlikdə rəqibi seçəcəyini və onlara uyğun olmayan variantları rədd edəcəyinə inandığını qeyd edib.

Gülnar Qafarlı