Cüdo üzrə Azərbaycan millisi fevralın 18-20-də Təl-Əvivdə keçiriləcək “Böyük dəbilqə” turnirinə hazırlaşmaq üçün Türkiyədə təlim-məşq toplanışı keçəcək.

Open.az xəbər verir ki, qadınlar Ədirnədə Türkiyə və Bolqarıstan, kişilər isə Antalyada Türkiyə cüdoçuları ilə birgə məşq edəcəklər. Fevralın 1-dən 11-dək davam edəcək təlim-məşq toplanışına Təl-Əviv “Böyük dəbilqə”sində iştirak edəcək cüdoçularla yanaşı, bəzi gənc idmançılarımız da qatılacaqlar.

Qeyd edək ki, “Böyük dəbilqə” turnirində komandamızın heyətində kişilərdən Kəramət Hüseynov, Davud Məmmədsoy (60 kq), Orxan Səfərov, Nicat Şıxəlizadə (66 kq), Telman Vəliyev (73 kq), Zelim Tckayev, Hidayət Heydərov (81 kq), Məmmədəli Mehdiyev (90 kq), Elmar Qasımov, Zelim Kotsoyev (100 kq) Uşangi Kokauri, Camal Feyziyev (100 kiloqramdan yuxarı) mübarizə aparacaqlar. Qadınların yarışında isə Aişə Qurbanlı, Leyla Əliyeva (48 kq), Gültac Məmmədəliyeva (52 kq) güclərini sınayacaqlar.

Yarışda 69 ölkədən 400-ə yaxın cüdoçunun iştirakı gözlənilir.