Şuşa şəhər 1 saylı tam orta məktəbdə boks üzrə açıq turnirin açılış mərasimi keçirilib.

Open.az xəbər verir ki, açılış mərasimdə çıxış edən Şuşa Şəhər Uşaq-Gənclər İdman Məktəbinin direktoru Yapon Hacıyev ölkəmizdə bədən tərbiyəsi və idmanın yüksək sürətlə inkişaf etdiyini bildirib. O, digər idman növləri kimi boksda da mühüm nailiyyətlərin əldə edildiyini vurğulayaraq deyib: “Bugünkü yarış 2004-2005-ci illər təvəllüdlü idmançılar arasında keçirilir. Yarışda yeniyetmə boksçuların öz bacarıqlarından maksimum istifadə etmələri üçün cür şərait yaradılıb. Əminəm ki, bu gün burada döyüşən boksçularımız gələcəkdə daha böyük yarışlarda çıxış edib ölkəmizi yüksək səviyyədə təmsil edəcəklər”.

Olimpiya Oyunlarının mükafatçısı Vüqar Ələkbərov mərasimdə çıxış edərək dövlət tərəfindən idman sahəsinə göstərilən diqqət və qayğıdan danışıb. Bildirib ki, belə yarışların təşkili yeniyetmə boksçuların təcrübələrini artırmaları baxımından böyük əhəmiyyət kəsb edir.

Boks üzrə dünya çempionu Fərhad Acalov Ulu Öndər Heydər Əliyevin idmana qayğı siyasətini uğurla davam və inkişaf etdirən Prezident İlham Əliyevin diqqəti nəticəsində bu gün Azərbaycanın dünyada idman dövləti kimi tanındığını bildirib. F.Acalov qeyd edib ki, Şuşa Rayon Gənclər və İdman İdarəsi və Uşaq-Gənclər İdman Məktəbinin təşkilatçılığı ilə ilk dəfədir boks üzrə belə bir yarış keçirilir.

Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsindən sonra yarışlara start verilib.

Turnirdə 8 komandanın tərkibində müxtəlif yaş qrupları üzrə boksçular mübarizəyə aparırlar. Açıq turnir oktyabrın 20-dək davam edəcək.