Azərbaycan cüdo ictimaiyyətinin yüzdən çox nümayəndəsi Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə müraciət edib.

Open.az federasiyanın rəsmi saytına istinadən xəbər verir ki, ölkənin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak üçün müraciət etmiş cüdoçular, məşqçilər, hakimlər Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin çağırışına əsasən könüllü olaraq ordu sıralarına qoşulub.

Düşmənə layiqli cavab verən ordunun sıralarına qoşulmaqdan şərəf duyduqlarını deyən cüdoçular Azərbaycanın öz ərazi bütövlüyünü bərpa edəcəyinə əmin olduqlarını vurğulayıblar.

Ölkə cüdo ictimaiyyətinin bütün nümayəndələri döyüşə hazırdır və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin yürütdüyü uğurlu siyasəti dəstəkləyirlər.

Onlar Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuş Azərbaycan torpaqlarının düşmən tapdağından azad edilməsi istiqamətində uğurlu hərbi əməliyyatlar həyata keçirən rəşadətli ordumuza uğurlar və şanlı qələbə arzulayıblar.