Cüdo üzrə Azərbaycan milli komandası Çexiyanın paytaxtı Praqadakı Avropa çempionatını 5 medalla başa vurub.

Open.az-ın məlumatına görə, medallardan 1-i qızıl, 1-i gümüş, 3-ü bürünc əyarlı olub.

Yeganə qızıl medala kişilərin yarışında 66 kq çəki dərəcəsində Orxan Səfərov, gümüş medala qadınların mübarizəsində 78 kq-dan yuxarı çəkidə İrina Kindzerska nail olub. Bürünc medalları 73 kq-da Rüstəm Orucov, 90 kq-da Məmmədəli Mehdiyev və 100 kq-da Zelim Kotsoyev əldə edib.

Bundan başqa Murad Fətiyev 81 kq, Elmar Qasımov isə 100 kq çəkidə 7-ci yeri tutub.

Beləliklə, Azərbaycanın ümumilikdə 14 təmsilçisindən yarısı ən azı 1/4 finaladək irəliləməyi bacarıb. Kişilərdən Nicat Şıxəlizadə 66 kq, Telman Vəliyev 73 kq, Uşangi Kokauri 100 kq-dan yuxarı, qadınlardan isə Leyla Əliyeva və Aişə Qurbanlı 48 kq, Gültac Məmmədəliyeva 52 kq və Aleksandra-Larisa Florian 57 kq çəkidə mübarizəni erkən dayandırıblar.

Azərbaycan millisi bu nəticə ilə ümumi komanda hesabında 40 ölkə arasında Fransa (5 qızıl, 3 bürünc), Rusiya (3 qızıl, 3 gümüş, 1 bürünc) və Gürcüstandan (1 qızıl, 1 gümüş, 4 bürünc) sonra 4-cü yeri tutub. Kişilərin yarışında da 4-cü olan yığma qadınların mübarizəsində 8-ci yerlə kifayətlənib.