İçərişəhər Cümə məscidinin dini icma rəhbəri Hacı Surxay Məmmədli sosial şəbəkələrdə içki məclisində iştirak etməsi ilə bağlı yayılan fotoya münasibət bildirib.

Open.az xəbər verir ki, o, ötən gün İçərişəhər Cümə məscidində xütbə söyləyən zaman qeyd edib ki, Belçikada siyasi mühacir adı altında yaşayan satirik yazar Mirzə Sakit "Facebook" səhifəsində yalan məlumat yayıb.

Hacı Surxay onun çirkin və qərəzli addım atdığını bildirib: “Şər və böhtan atmaq qədər həyasızlıq və abırsızlıq yoxdur. Bu dövlət, bu xalq heç vaxt belə ünsürlərin yalanlarına, şər-böhtanlarına uymayıb-uymayacaq da. Şər-böhtan ataraq, inanclı kəsimi ələ salan, Allaha qarşı çıxaraq, düşmənlərin dəyirmanlarına su tökən məxluqlar isə əvvəl-axır öz cəzalarına çatacaqlar”.

Həmçinin, Hacı Surxay spirtli içki olduğu iddia edilən şüşələrin fotolarını paylaşıb və onların adi su olduğunu bildirib.