Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə Küveytin Azərbaycandakı səfirliyində olub.

QMİ-nin mətbuat xidmətindən Open.az-a verilən məlumata görə, Küveyt dövlətinin əmiri IV Sabah əl-Əhməd əl Cabir əs-Sabahın vəfatı münasibətilə başsağlığı vermək üçün səfirliyə gələn QMİ sədri səfirliyin xatirə kitabında ürək sözlərini yazıb. Azərbaycan, Qafqaz müsəlmanları və şəxsən öz adından başsağlıqlarını Küveytin Azərbaycandakı səfiri Səud Əbdüləziz Əlrumiyə bildirən Şeyxülislam A. Paşazadə mərhum əmiri uzun illər ərzində tanıdığını, İslam dünyasının əlamətdar günləri, bayramları münasibətilə hər zaman qarşılıqlı təbrikləşdiklərini, müxtəlif beynəlxalq tədbirlərdə görüşdüklərini xatırladıb.

Mərhum IV Sabah əl-Əhməd əl Cabir əs-Sabahın əmirliyi dövründə Azərbaycanla Küveyt arasında bütün sahələrdə, o cümlədən, dini-mənəvi sahədə əlaqələrin yüksələn xətt üzrə inkişaf etdiyini bildirən QMİ sədri, mərhumun qardaşı - yeni əmir Nəvaf Əl-Əhməd Əl-Cabir Əs-Sabahın hakimiyyətinin Küveyt dövləti üçün xeyirlərə vəsilə olacağına əminliyini ifadə edib.