Koronavirus pandemiyası ilə əlaqədar Məhərrəmlik ayı və Aşura günü bu il şəraitə uyğun qeyd olunacaq.

Open.az "Xəzərxəbər"ə istinadən xəbər verir ki, Qafqaz Müsəlmanları İdarəsi bununla bağlı vətəndaşlara müraciət ünvanlayıb.

Hazırkı durumda bir yerə toplaşmaq, kütləvi tədbirlərin təşkili qorxulu nəticələrə səbəb ola bilər. Odur ki, din xadimləri müsəlmanları bu qaydalara əməl etməyə çağırır.

Din xadimləri həmçinin bu müqəddəs ayda müsəlmanları xeyirxah əməllərindən qalmamağa səsləyir. Onlar irsi qan xəstəliyindən əziyyət çəkənlər üçün xüsusi ayrılmış yerlərdə qan verməyə çağırış edirlər.

Qeyd edək ki, insanlar ehsan süfrələri əvəzinə ehtiyacı olan, pandemiya şəraitinə görə ailə başçısı işləməyən ailələrə ərzaq yardımı edə bilərlər.