Ərazilərimizin işğaldan azad edilməsi uğrunda başlanan Vətən müharibəsinin ilk günündən Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadə Azərbaycanın haqlı mövqeyi və Ermənistanın törətdiyi hərbi cinayətlər barədə dünya ictimaiyyətini məlumatlandırır. Şeyxülislam həzrətlərinin imzası ilə QMİ-nin sıx əməkdaşlıq etdiyi bütün dünya dini mərkəzlərinə, beynəlxalq qurumlara, nüfuzlu dini və ictimai xadimlərə məktublar göndərilib.

QMİ-nin mətbuat xidmətindən Open.az-a verilən məlumata görə, son günlər QMİ sədrinin ünvanına cavab məktubları daxil olmaqdadır. İran İslam Respublikasının Mədəniyyət və İslami Əlaqələr Təşkilatının sədri dr. Abuzər İbrahimi Türkman Şeyxülislam həzrətlərinə yazdığı cavab məktubunda Azərbaycanın haqq işi uğrunda mübarizədən qalib kimi çıxacağına inandığını bildirib: “Hörmətli Şeyxülislam həzrətləri, İran İslam Respublikasının dost və qardaş Azərbaycan Respublikası ilə tarixi, mədəni və dini müştərəklikləri elə möhkəmdir ki, hətta yetmiş il ərzində kommunist rejimi də bu mənəvi bağlılıqları qıra bilmədi.

Son günlər hamımızın qəlbi Qarabağda döyünür. Mülki vətəndaşlar, qadınlar, körpələr, cavan oğul və qızlar şəhid olurlar. Əziz rəhbərimiz həzrəti Ayatullah-üzma Xamenei həzrətləri daim müsəlmanların haqlarının qorunmasını vacib sayır və bunu dəfələrlə bəyan edib. Əminəm ki, Qarabağın hər yerində, o cümlədən, Şuşada, Laçında məscidlərin minarələrindən yenə azan səsləri ucalacaqdır inşallah.

Azərbaycan Respublikası və xalqı ilə həmrəy olmağı özümə borc bilib Qarabağın Azərbaycan Respublikasına məxsus olduğunu bir daha bəyan edir, BMT-nin 4 qətnaməsinin kamil şəkildə icra edilməsini təkidlə tələb edirəm. Allah-Təaladan əziz şəhidlərimizə ali və uca dərəcələr diləyirəm. Ümidvaram ki, bu müharibə Azərbaycanın ərazi bütövlüyünün təmin olunması ilə başa çatacaq”.