Qarabağ ərazisində mövcud olan 67 məsciddən 63-ü yerlə yeksan edilib, qalan 3 məscidə isə ciddi zərər vurulub. Ermənistan öz ərazisində yerləşən tarixi Azərbaycan dini abidələrini – İrəvan “Şah Abbas”, “Sərdar”, “Hacı Novruz Əli” və digər məscidləri tamamilə uçurub, Göy məscidin arxitektura xüsusiyyətlərini dəyişərək özgəninkiləşdirib.

Open.az xəbər verir ki, bu barədə Azərbaycandakı dini konfessiyaların rəhbərlərinin Qarabağda dağıdılan dini abidələrimizlə bağlı birgə bəyanatında bildirilir.

Bəyanatda vurğulanır ki, yalnız müsəlman məscidlərini məhv etməklə kifayətlənməyən Ermənistan Şuşadakı İoann Predteça pravoslav kilsəsini, digər bölgələrdəki alban-udi məbədlərini qəsb edərək qriqoryanlaşdırıb, Xocavənd pravoslav kilsəsini tamamilə dağıdıb. Təcavüzkar dövlətin bu cür vandal əməllərə əl atmaqda əsas məqsədi “Böyük Ermənistan” yaratmaq xülyası ilə bizim minilliklər ərzində yaşadığımız torpaqlarda həm tarixi keçmişimizi, həm də mənəvi yaddaşımızı məhv etmək olub.

Bəyanatı Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə, Bakı və Azərbaycan Arxiyepiskopu Aleksandr, Azərbaycandakı Dağ yəhudiləri icmasının rəhbəri Milix Yevdayev, Bakıdakı Avropa yəhudiləri icmasının rəhbəri Aleksandr Şarovski, Azərbaycan aşkenazi yəhudilərinin baş ravvini Şneor Seqal və Alban-udi icmasının rəhbəri Robert Mobili imzalayıblar.