Azərbaycan Bəhai icmasının ictimaiyyətlə əlaqələr ofisinin koordinatoru Azər Cəfərov Open.az saytına müsahibə verib.

- Bəhai dininə necə gəldiniz? Bu, sizin öz seçiminiz idi, yoxsa valideynlərinizin?

- Təbii mənim öz seçimim idi. Bəhai dini haqda ilk məlumatı tələbə olduğum zaman, təqribən 1978-1979-cu illərdə Anre Massenin “İslam” kitabından götürmüşdüm. Amma kitab mənim üçün inancın mənbəyi deyildi, o zamanlar ateist idim. Artıq 90-ci illərdə dini axtarış yoluna qədəm qoyanda bəhai mənbələrini daha ciddi araşdırdım. Əlbəttə islam, xristianlıq, Şərq dinlərini də tədqiq edirdim. Hətta 1 ilə qədər veda ədəbiyyatını öyrənmişəm. 36 yaşında bəhai dini qəbul edəndə fəlsəfə elmiləri doktoru, tam formalaşmış şəxs idim.

- Bəhai dininin başqa dinlərdən fərqi nədədir ?

- Bəhai təliminə görə yerdə Allahın bir dini mövcuddur, bütün dinlər onun tarixi mərhələləridir. Bu din tarix boyu kamilləşmə yolu ilə inkişaf edib. Peyğəmbərlərin gətirdikləri müqəddəs kitablar isə bir İlahi Kitabın səhifələridir. Krişna və Musanın təlimində tumurcuğu, İsa və Məhəmmədin təlimində çiçəyi görürüksə, Bab və Bəhaullahın təlimində o, artıq yetişmiş meyvədir. Tumurcuq düşməlidir ki, çiçək açsın, çiçək tökülməlidir ki, meyvə yetişsin. Bəhai dini də axırıncı din deyil. Bu din başqa dinlərdə unudulmuş ruhani əsasları yenidən qabardıb ortaya çıxarıb və zamanın tələblərinə uyğun formaya gətirib, Sivilizasiyanın sonrakı maddi, texnoloji və ruhani inkişafından ötrü konsepsiyalar irəli sürüb, qlobal sülhə çatmağın yollarını göstərib. Bəhai təliminin onurğa sütununda bəşəriyyətin birliyi konsepsiyası dayanır, yəni qadın kişi bərabərliyi, vahid valyuta, ümumi dil və əlifbaya keçid, sərhədlərin götürülməsi, dünya vətəndaşlığı anlayışları durur.

- Azərbaycanda bəhai icmasının rəsmi qeydiyyatı varmı? İcma Azərbaycanda necə fəaliyyət göstərir? Problemləriniz olurmu?

- 3 qurumumuz 1989-cu ildə dövlət qeydiyyatından keçib. Onun ikisi zaman-zaman təkrar qeydiyyatdan keçib. 10 -15 ildən bir dövlət təkrar qeydiyyatı aparır .

Hazırda fəaliyyətimiz maarifləndirmə işləri üzərində qurulub. Gələcəkdə maliyyə imkanları yaranarsa, yəqin biz xeyriyyə işlərinə və sosial proqramlara start verə bilərik. Müasir Azərbaycan cəmiyyətinin bizə münasibəti müsbətdir. 19-cu əsrin axırlarında 20-ci əsrin əvvəllərində vəziyyət o qədər də yaxşı deyildi. Cəhalətlə, fanatizmlə qarşı-qarşıya gəlməli olurduq. Fanatik mollaların, qaraguruhun təzyiqinə vaxtaşırı məruz qalırdıq. Bakıda Mərdəkan axundunun oğlu molla Sadıq adında bir şəxs vardı, bəhai dinini qəbul etdiyinə görə atasının fitvası ilə qətlə yetirilmişdi. Cümhuriyyət dövründə bəhailərə münasibət dəyişib xeyli yaxşı olmuşdu. Demokratik respublikada dinlərə yanaşmada əqidə azadlığı vardı. Musa Nağıyevin də bəhai olması və bir bəhai kimi tanınması bu dövrdə müsbət rol oynayıb. Sovet dövründə bəhailərə qarşı təqiblər başladı, proses öz kulminasiyasına 1934-cü ildə çatdı. Əmlakımız müsadirə edildi, kitablar əlimizdən alındı, təhsil sistemimiz dağıdıldı. 1937-38-ci illərdə repressiya başladı. 38 bəhai öldürüldü, yüzlərlə ailə Qazaxıstana köçürüldü. 1989-cu ilə qədər təzyiqlər davam etdi.

Müstəqillik illərində heç bir problemimiz olmayıb, Qanunvericilik əsasında fəaliyyətlərimiz sərbəst həyata keçiririk, kitab nəşr edirik. Təbliğatımıza heç bir maneə yoxdur. Dövlət tam olaraq bizim konstitusiya hüquqlarımızı qoruyur.

- Hansı ölkələrdə fəaliyyət göstərirsiniz və harada icmanın fəaliyyəti qadağandır?

- Bəhai dini icmaları dünyanın demək olar hər yerində fəaliyyətdədir. Ölkə var, əhalinin 15 faizi bəhai dininə mənsubdur. Dünyanın yalnız iki ölkədə - İran və Yəməndə icmanın fəaliyyəti qadağandır. İranda icma çox ağır formada təqib olunur. Həmin dövlətin qanunları ilə bəhailər ali təhsil, təqaüd almaq və dövlət idarələrində işləmək hüququndan məhrumdurlar. Hətta məktəblərdə uşaqlar ayrı oturdurulur. Əlbəttə İran vətəndaşlarının bəhailərə münasibəti loyaldır, tam əminliklə demək olar ki, müsbətdir, nə etmək olar ki, bu dövlətin qanunları, siyasəti belədir.

- Hər dinin ziyarət yeri olduğu kimi bəhai dinin ziyarət yeri varmı? Bəhai olan şəxs ziyarətə necə getməlidir?

- Dini qanunlarımızda müqəddəs yerlərin ziyarətinə getmək tövsiyə olunur. Əslində əsl ziyarət yerlərimiz bağlıdır. Şirazda həzrət Babın vaxtı ilə yaşadığı və Özünü İlahi Zühur elan etdiyi məkana, sonra Bağdadda Həzrət Bəhaullahı öz missiyasını bəyan etdiyi Rizvan bağına gedə bilmirik. Amma hazırda İsraildə, Hayfa şəhərində Həzrət Babın, Bəxçi məntəqəsində Həzrət Bəhaullahın məqamına dünyanın hər bir yerindən bəhailər ziyarətə gəlirlər. Bəhailərin inzibati və ruhani orqanı Ümumdünya Ədalət Evi də Hayfada yerləşir.

- Sizin dində nə qadağan edilir? Hansı fəaliyyət məqbuldur? Nəyi etmək olmaz?

Ən böyük qadağan siyasətlə məşğul olmaq, kor-koranə dindarlıq, fanatizm, cəhalət, alkoqollu içkilərdən istifadə, dini, milli, cinsi təəssübkeşlik, xurafat, ixtilaf, korrupsiyadır. Vətənə və bəşəriyyətə xidmət, təhsil və elmin inkişafından ötrü çalışmaq, doğru-düzgün və ədalətli olmaq, qlobal sülh uğrunda çalışmaq, yaşadığı ölkənin qanunlara itaət etmək məqbul hesab olunur. Əlbəttə, bəhailər öz namazlarını qılır, dua oxuyur, hər il mart ayında 19 gün oruc tuturlar. Ümumiyyətlə hər bir fəaliyyət könüllüdür. Bəhailərdə din xadimləri, yəni molla, keşiş, kahin yoxdur. Hər bir bəhai öz dininin yükünü öz çiynində daşıyır. İcmaların idarə edilməsi kollegial şəkildə həyata keçirilir.

Kamran Nasir

“Bəhai dinində hər bir fəaliyyət könüllüdür” – MÜSAHİBƏ