Noyabrın 10-da “Müasir dünyanın problemləri: nifrətə çağırış, terror, ekstremizm, islamofobiya və Ermənistanın Azərbaycana qarşı təcavüzü” mövzusunda onlayn Beynəlxalq Konfrans keçirilib.

Open.az xəbər verir ki, Azərbaycanın Bolqarıstandakı səfirliyindən Trend-ə verilən məlumata görə, konfransda iştirak edən Bolqarıstan Müsəlmanlarının baş müftisi Mustafa Hacı öz çıxışında Azərbaycanın haqq davasına güclü dəstəyini ifadə etmişdir. Baş müftinin çıxışı həm tarixi faktlara, həm də müasir humanitar aspektlərə toxunması ilə diqqəti cəlb etmişdir.

1987-ci ildən sonra Ermənistanın açıq şəkildə Azərbaycanın Dağlıq Qarabağ bölgəsinə qarşı ərazi iddiaları ilə çıxış etdiyini xatırladan Mustafa Hacı həmin dövrdən sonra yüz minlərlə azərbaycanlının sistemli şəkildə həm Ermənistandakı torpaqlarından zorla çıxarıldığını, həm də Azərbaycan ərazilərinin 20%-nin işğal olunduğunu vurğulamışdır.

Baş müfti xüsusilə ermənilərin Azərbaycan xalqına qarşı həyata keçirdiyi terror fəaliyyətlərinə diqqət yetirmişdir. Qeyd olunmuşdur ki, etnik təmizləmə siyasətini tamamlayan ermənilər 1990-cı illərdən etibarən Azərbaycanda terror dalğasını genişləndirərək soyqırımı siyasətinin növbəti mərhələsinə keçmişdir.

Çıxışda Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ problemi ilə bağlı qərarlarının icra olunmadığı xatırladılmaqla Ermənistana qarşı beynəlxalq sanksiyaların tətbiq olunmadığı da əksini tapmışdır. Ermənistan-Azərbaycan münaqişəsinin həlli prosesində Azərbaycan tərəfinin ilk növbədə sülh variantını seçdiyini vurğulayan Mustafa Hacı Azərbaycanın haqq davasına olan dəstəyi ifadə etmişdir.

Qeyd olunmalıdır ki, Bolqarıstan Respublikasının Müsəlmanlar Dəyanəti Baş Müftülüyü davamlı şəkildə Azərbaycana olan dəstəyini ifadə edir. Qurum 27 Sentyabr 2020-ci il tarixində də bəyanatla çıxış edərək Ermənistan silahlı qüvvələrinin hərbi təxribatını qınamışdır.