Kiyevdə Ukrayna Azərbaycanlılarının Birləşmiş Diasporunun mərkəzi qərargahında SSRİ hərbçiləri tərəfindən 20 yanvar 1990-cı ildə törədilmiş Bakı qırğını ilə bağlı konfrans keçirilib.

Open.az xəbər verir ki, “Report”un Kiyev bürosunun verdiyi məlumata görə, Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporu (UABD), Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresi (BUAK) və Kiyev Azərbaycanlıları Konqresi (KAK) tərəfindən təşkil olunan konfransda azərbaycanlılar ilə yanaşı yerli fəallar, müharibə iştirakçıları da iştirak ediblər.

Əvvəlcə 20 yanvar faciəsi ilə bağlı film nümayiş etdirilib.

Çıxış edən UADB sədri Hikmət Cavadov bildirib ki, 20 yanvar hadisəsi azərbaycanlıların yaxın tarixində qanla yazılmış qəhrəmanlıq səlnaməsidir və bunun dünyada təbliği zəruridir: “Məhz bu baxımdan biz planlaşdırırq ki, faciənin 30 illiyi ərəfəsində Ukraynada bununla bağlı silsilə filmlər hazırlayıb və ictimaiyyətdə yayımlayaq”. H. Cavadov həmçinin son vaxtlar Ukraynada azərbaycanlıların birləşməsini, Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsi ilı sıx əlaqəli formada işlərin aparılmasının uğurlu nəticələrə səbəb olacağını bildirib.

Çıxış edən KAK sədri Oleq Krapivin isə 20 yanvar hadisəsinin canlı şahidi, iştirakçısı olduğunu bildirərək xatirələrini bölüşüb. O bu hadisənin bütün dünyadakı azərbaycanlılar üçün qəhrəmanlıq nümunəsi olduğunu bildirib. O. Krapivin də Ukraynada yaşayan azərbaycanlıların Azərbaycan həqiqətlərinin təbliğində birlik halında olmasının vacibliyindən danışıb.

BUAk sədri Rövşən Tağıyev də 20 yanvar hadisələrindən danışaraq hazırda Ukraynanın da Azərbaycanın 90-cı illərin əvvəlində yaşadığı vəziyyəti yaşadığını deyib. O qeyd edib ki, bu gün Ukraynada ciddi proseslər gedir və burada yaşayan azərbaycanlıların birlik halında olması olduqca zəruri amildir.

Çıxış edən Azərbaycanın Ukraynadakı keçmiş səfiri Tələt Əliyev də bildirib ki, bu kimi tarixi hadisələrin təbliğində azərbaycanlıların vahid və böyük güc olması müsbət haldır: “Nə yaxşı ki, bu gün hamımız bir yerdəyik. Diasporla İş üzrə Dövlət Komitəsinin sayəsində bu birliyin əldə olunması böyük hadisədir”.

Daha sonra digər çıxışçılar da hadisə ilə bağlı təfərrüatlarını bölüşüblər.