Qara dənizdə Türkiyənin Samsun şəhəri yaxınlığında Panama bayrağı altında üzən “Volgabalt 214” gəmisinin qəzaya uğraması nəticəsində gəminin ekipaj üzvlərindən biri Azərbaycan vətəndaşı gəmi kapitanının baş köməkçisi İbrahimov Məmmədəli Surxay oğlu dünyasını dəyişib və onun meyiti sudan çıxarılıb.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Dəniz Agentliyinin Mətbuat Xidmətindən Open.az-a verilən məlumata görə, digər Azərbaycan vətəndaşı-gəmi kapitanı İsmayılov Turbat Kamil oğlunun axtarışları isə davam etdirilir.

Agentlikdən bildirilib ki, bu gün saat 16:50-də Qaradənizdə Türkiyənin Samsun şəhəri yaxınlığında Panama bayrağı altında üzən “Volgabalt 214” gəmisinin qəzaya uğraması barədə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Dəniz Agentliyinin Milli Mərkəzinə məlumat daxil olub. Məlumatda həmçinin bildirilib ki, ekipaj üzvlərindən 2 nəfər Azərbaycan vətəndaşıdır.

Azərbaycan vətəndaşlarının taleyi ilə maraqlanmaq məqsədilə Dövlət Dəniz Agentliiyinin Milli Mərkəzi tərəfindən dərhal müvafiq tədbirlər görülüb. Türkiyənin Samsun şəhərinin Dəniz Axtarış Xilasetmə Mərkəzi ilə mövcud sistem vasitəsilə əlaqə yaradılaraq məlum olub ki, gəmidə olan 13 nəfərdən 9-u sahilə çıxarılıb.

***

17:20

Azərbaycanın Türkiyədəki səfirliyi Samsun vilayəti sahillərində batan yük gəmisində iki nəfər azərbaycanlının olması məlumatını təsdiqləyib.

Open.az xəbər verir ki, "Qafqazinfo"nun sorğusuna cavab olaraq XİN-dən bildirilib ki, qəza nəticəsində bir nəfər azərbaycanlı həlak olub, digər həmyerlimizin axtarışı üzrə xilasetmə işləri davam etdirilir.

Xatırladaq ki, bu gün Türkiyənin Samsun vilayəti sahillərində Panama bayrağı altında üzən gəmi batıb. Son rəqəmlərə görə, 7 ekipaj üzvü xilas edilib, 6 nəfər isə ölüb.