Ölkənin Müstəqillik Günü ərəfəsində “Qazaxıstan Azərbaycanlıları Assosiasiyası” İctimai Birliyinin üzvləri yüksək mükafatlara layiq görülüblər.

Open.az xəbər verir ki, Qazaxıstan Xalqı Assambleyasının (QXA) sədri, Qazaxıstanın birinci Prezidenti, elbası Nursultan Nazarbayevin müvafiq əmri ilə soydaşlarımız Məmmədbağır Bağırov, İmran Əmirxanov, Əlibala Şəkərəliyev, Ayət Əliyev və Ənvər Ağayev “Birlik” qızıl medalı, Həsənağa Abdullayev, Eyvaz Məmmədhəsənov, Cümşüd Kərimov, İsaxan Məmmədov, Natiq İbrahimov, Gülağa Rzayev və Natiq Rəhimov isə “Comərd ruh” ("Jomart jan") nişanı, Mehdi İbrahimov “Təşəkkürnamə” ilə mükafatlandırılıblar.

Almatı və Nur-Sultan şəhərlərində Müstəqillik Günü münasibətilə keçirilən tədbirlər zamanı QXA-nın sədr müavini, Assambleya Katibliyinin müdiri Janseit Tuymebayev və digər rəsmi şəxslər mükafatları həmvətənlərimizə təqdim ediblər.

Tədbirlərdə ölkədə fəaliyyət göstərən müxtəlif etnik qruplara məxsus ictimai və etnomədəni birliklərin rəhbərləri və üzvləri iştirak ediblər.

Qeyd edək ki, soydaşlarımız bu mükafatlara Qazaxıstanın humanitar və mədəni həyatında fəal iştiraka, icmalararası münasibətlərin inkişafına, dostluq, sülh kimi ümumbəşəri dəyərlərə verdikləri töhfələrə görə layiq görülüblər.