Rusiya Federasiyasının Amur vilayətinin İvanov rayonunda azərbaycanlı taksi sürücüsü Həsənov Ələmşah Qazı oğlu yerli millətə məxsus itkin düşən iki az yaşlı uşağı demək olar ki, həyata qaytarıb.

Open.az-ın əldə etdiyi məlumata görə, hadisə oktyabrın 16-da gecə saatlarında baş verib. Belə ki, azərbaycanlı taksi sürücüsü həmin gün axşam rayon kənarından qayıdarkən avtomobilində yanacaq qurtarıb, bir müddət yol kənarında qalıb. Həmin ərəfədə müvəqqəti yanacaq əldə etmək üçün rastına kimsənin çıxmadığı taksi sürücüsü yuyunmaq üçün bir qədər kənarda kiçik çaya yaxınlaşıb. Bu zaman çayın kənarında hənirti eşidib. Bunun çöl heyvanları olduğunu zənn edən həmyerlimiz ehtiyyatla yaxınlaşan zaman iki azyaşlı uşağın bir birinə qısılaraq, olduqca zəif halda zarıdıqlarını görüb. Birinin 5, digərinin 7 yaşı olan, yerli millətə məxsus balaca oğlanları azərbaycanlı sürücü dərhal götürərək avtomobilinə gətirib. Onun təcili tibb yardıma zəng etməsi ilə uşaqlar rayona çatdırılıb. Məlum olub ki, onlar həmin günün əvvəli rayon ətrafında anaları tərəfindən itirilən uşaqlardır. Uşaqlar anasına təqdim olunub. Az yaşlıların da təsdiqindən sonra körpələrin babası azərbaycanlı taksi sürücüsünə yüksək məbləğdə mükafat təqdim etsə də, o bundan imtina edib. “Mən doğulduğum yerdə belə şeyə görə pul götürmürlər”-deyən, azərbaycanlı taksi sürücüsü bu hadisənin yerli orqanlarda təbliğinin də əleyhinə olub.