Yanvarın 10-da Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanasında “Azərbaycan diasporu” elektron kitabxana layihəsi istifadəyə verilib.

Open.az xəbər verir ki, təqdimat mərasimində kitabxananın və Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşları, həmçinin Azərbaycan diasporu ilə bağlı tədqiqat aparan alimlər iştirak ediblər.

Tədbiri kitabxananın direktoru Mayıl Əhmədov açaraq yeni layihə haqqında məlumat verib. Bildirib ki, azərbaycanlılar zaman-zaman müxtəlif səbəblərdən dünyanın bir sıra ölkələrinə səpələniblər. Yalnız Azərbaycan öz dövlət müstəqilliyini bərpa etdikdən sonra xaricdə yaşayan soydaşlarımızla əlaqələr genişlənib və Azərbaycan diasporunun təşkilatlanmasının yeni mərhələsi başlanıb. Bu gün dövlətimiz onun ərazisindən kənarda yaşayan azərbaycanlıların hüquqlarının müdafiəsinə təminat verir və onlara hamilik edir.

M.Əhmədov deyib ki, Dünya Azərbaycanlılarının Həmrəylik Gününün bayram kimi qeyd edilməsi, dünya azərbaycanlılarının qurultaylarının və forumlarının keçirilməsi, Dünya Azərbaycanlılarının Həmrəylik Xartiyasının qəbul edilməsi, diaspor sahəsində qanunvericilik aktlarının təkmilləşdirilməsi, dövlətimizin başçısının diaspor təşkilatlarının nümayəndələri ilə müntəzəm olaraq görüşlərinin keçirilməsi Prezident Kitabxanasının mövcud elektron resursunun yenidən sistemləşdirilərək və materiallarla zənginləşdirilərək elektron kitabxana kimi oxuculara təqdim edilməsini zəruri edib.

İstifadəçilərə təqdim edilən “Azərbaycan diasporu” elektron kitabxanasının 7 fəsildən və 19 bölmədən ibarət olduğu bildirilib. Diqqətə çatdırılıb ki, “Tarix” adlanan və beş bölmədən ibarət birinci fəslin “Mühacirət tarixi” adlanan bölməsində Azərbaycan diasporunun təşəkkül və formalaşmasına səbəb olan amillər təhlil edilir, müəyyən ictimai-siyasi, sosial-iqtisadi və digər səbəblər nəticəsində tarixi-etnik ərazilərindən kənara zorla, yaxud könüllü mühacirət edərək, xaricdə kompakt icma halında yaşayan, milli-mədəni mənsubiyyətini qoruyub saxlayan və inkişaf etdirən, tarixi vətəni ilə mütəmadi əlaqələr quran həmvətənlər haqqında məlumat verilir. Hazırda Azərbaycan Respublikası da daxil olmaqla, dünyanın 70-dək ölkəsində təqribən 50 milyona yaxın azərbaycanlının yaşadığı qeyd edilir.

Vurğulanıb ki, bu fəslin “Heydər Əliyev və Azərbaycan diasporu” adlanan bölməsində Dünya Azərbaycanlılarının Həmrəylik və Birlik Günü haqqında Naxçıvan Muxtar Respublikası Ali Məclisinin qərarı, Ümummilli Liderin Azərbaycan diasporunun nümayəndələri ilə görüşlərdə çıxışları və nitqləri, xaricdə yaşayan soydaşlarımıza ünvanlandığı müraciətləri, diaspor təşkilatlarına və soydaşlarımıza məktubları, dünya azərbaycanlılarının Heydər Əliyevə təbrikləri və müraciətləri öz əksini tapır. “Prezident İlham Əliyev və Azərbaycan diasporu” adlanan beşinci bölmədə isə dövlət başçısının Azərbaycan diasporunun nümayəndələri ilə müxtəlif görüşlərdə çıxışları və nitqləri, o cümlədən ötən ilin dekabrında Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində fəaliyyət göstərən diaspor təşkilatlarımızın rəhbərləri ilə görüşündə çıxışı, diaspor nümayəndələrinin qəbulları haqqında materiallar, xaricdə yaşayan soydaşlarımıza müraciətləri, diaspor təşkilatlarına və soydaşlarımıza məktubları toplanılıb.

Qeyd edilib ki, elektron kitabxananın “Azərbaycançılıq”, “Qurultaylar və Forumlar”, “Qanunvericilik”, “Diaspor təşkilatları” “Elektron resurslar”, “Biblioqrafiya” və digər fəsilləri dolğun məlumatlarla zəngindir.

Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov təqdimat mərasimində çıxış edərək xaricdə yaşayan soydaşlarımızın təşkilatlanması və diaspor quruculuğu istiqamətində görülən işlərdən, qarşıda duran vəzifələrdən söhbət açıb.

Müzakirələrdə çıxış edən tədbir iştirakçıları təqdim edilən layihə barəsində fikirlərini söyləyib və təkliflərini bildiriblər.

“Azərbaycan diasporu” elektron kitabxanası http://diaspora.preslib.az/ subdomenində yerləşdirilib və müntəzəm olaraq yenilənir.