Meksika Senatında “Beynəlxalq Novruz Bayramı Günü” ilə əlaqədar onlayn formatda tədbir keçirilib. Tədbir Meksika Senatının Xarici Əlaqələr Komissiyasının təşkilatçılığı və Azərbaycan, İran, Pakistan və Qazaxıstan Səfirliklərinin dəstəyi ilə keçirilib.

Bu barədə Open.az-a Azərbaycanın Meksikadakı səfirliyindən məlumat verilib.

Məlumata görə, tədbirdə Meksika Senatının sədri Eduardo Ramirez Agilar, Senatın Asiya-Sakit Okean-Afrika ölkələri ilə əlaqələri Komissiyasının sədri Kora Sesiliya Pineda Alonso, Meksika Xarici Əlaqələr nazirinin müavini Karmen Moreno Toskano və adı çəkilən diplomatik nümayəndəliklərin rəhbərləri iştirak ediblər.

Bildirilib ki, senatın Asiya-Pasifik ölkələri ilə əlaqələri Komissiyasının sədri senator Kora Sesiliya Pineda Alonso tədbirdə iştirak edən qonaqları salamlayaraq baharın gəlişi və təbiətin oyanışını tərənnüm edən, dünyanın qeyri-maddi mədəni irsi siyahısına daxil olan Novruz Bayramının Azərbaycan, İran, Pakistan və Qazaxıstan Səfirlikləri ilə birgə qeyd edilməsindən məmnunluğunu izhar etdi və dünyanı sarsıdan COVİD-19 pandemiyası və yaranmış vəziyyətlə əlaqədar tədbirin virtual formatda reallaşmasında yardıma görə təşəkkürünü bildirib. Xanım Pineda Alonso Meksika Senatının tədbirdə iştirak edən Səfirliklərlə onların təmsil etdiyi ölkələrlə ikitərəfli münasibətlərin daha da genişlənməsi və dərinləşməsi istiqamətində əməkdaşlığa davam etməyə hazır olduğunu diqqətə çatdırıb.

Tədbirdə ölkəmizi təmsil edən səfir Məmməd Talıbov çıxış edərək Novruz Bayramının Azərbaycan torpağında çox qədim kökləri olduğunu, ölkəmizdə bu əziz bayramın çox geniş və təntənəli şəkildə qeyd edildiyini bildirib. Bu kimi təşəbbüslərin xalqlarımız üçün bir birilərinin qədim tarixi, zəngin mədəniyyətləri, ənənələri barədə daha çox öyrənmək imkanının yaratdığını, bunun öz növbəsində cəmiyyətlərimizi mənəvi olaraq zənginləşdirdiyini deyib.

Novruz bayramının dünya Azərbaycanlıların ən sevimli və əziz bayramlarından biri olduğunu onun əsrlər boyu Azərbaycan xalqı tərəfindən qeyd edildiyi, bu bayramın zəngin ənənələrinin yaşatdığını bildirib. Novruz bayramının qarşılıqlı hörmət, qonaqpərvərlik, səmimiyyət, dostluq, qardaşlıq və bərabərlik kimi dəyərlərinin xalqımızın mənəvi həyatına nüfuz etdiyini ifadə edib. O, Novruz bayramının həm azərbaycanlılar həmdə ölkənin çoxsaylı qonaqları tərəfindən sevilən müxtəlif ənənələrlə maşahidə olunduğunu bildirərək, həmin ənənələr barədə tədbir qonaqlarına danışıb.

Tədbirdə həmçinin İran, Pakistan səfirləri, Qazaxıstan Səfirliyinin müvəqqəti işlər vəkili çıxış edib.

Sonra tədbirdə iştirak edən ölkələrin Novruz adət-ənənələrini əks etdirən video materiallar nümayiş etdirilib.