Macarıstanda fəaliyyət göstərən Azərbaycan icması dünya ictimayyətinin diqqətini işğalçı Ermənistanın müstəqil Azərbaycan dövlətinə qarşi 27 illik işğalçılıq və təcavüzkar siyasətinə yönəldib.

Diasporla İş üzrə Dövlət Komitəsindən Open.az-a verilən məlumata görə, Macar-Azərbaycan Dostluq Birliyinin prezidenti Svetlana Abdullayeva, "Qardaşlıq" Macar-Azəri Birgə Dostluq Cəmiyyətinin rəhbəri David Əmirov və Macarıstan-Azərbaycan Gənclər Birliyinin sədri İbrahim Səfərlinin imzaları ilə dünya birliyinə və beynəlxalq təşkilatlara ünvanlanan müraciətlərdə Ermənistan silahlı qüvvələrinin Azərbaycan torpaqları olan Dağlıq Qarabağ və ona bitişik 7 rayonu indiyədək işğalda saxlaması yolverilməz hal və beynəlxalq hüquqa həqarət kimi qiymətləndirilib. Ermənistanın işğal olunmuş ərazilərdə milyona yaxın azərbaycanlıya qarşı etnik təmizləmə və hərbi cinayətlər törətdiyi, həmvətənlərimizin fundamental hüquqlarını, o cümlədən yaşamaq haqqını kobudcasına pozduğu nəzərə çatdırılıb.

Soydaşlarımız dünya birliyini və beynəlxalq təşkilatları Azərbaycanın işğalda olan ərazilərini dərhal və qeyd-şərtsiz azad etməsi, beynəlxalq qanunlara uyğun davranması üçün Ermənistana təsir göstərməyə çağırıblar.