Ukraynada Kiyev şəhər Şevçenkovskiy rayon polisi tərəfindən həbs olunan və məhkəməsi başlayan azərbaycanlı intihara cəhd edib.

Open.az-ın məlumatına görə, məhkəmənin gedişindən narazı qalan azərbaycanlı saxlandığı kamerada özünü asmaq istəsə də istifadə etdiyi parça onun ağırlığına tab gətirməyərək cırılıb. Daha sonra digər yolla intihara cəhd etmək istəsə də bundan xəbər tutan həbsxana əməkdaşları intiharın qarşısını alıb. Hazırda o nəzarətdədir.

Qeyd edək ki, ötən ay Kiyevdə “Bessarabiskiy” bazarı qarşısında Azərbaycan vətəndaşı, 1980-cı il təvəllüdlü Hüseynov Şirzad digər Azərbaycan vətəndaşı 1982-ci il təvəllüdlü Abdullayev Rəşadı boğazını kəsərək ağır yaralayıb. Yaralı dərhal xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib. Onun vəziyyəti hələ də ağırdır. Ötən gün isə hadisəni törədəna zərbaycanlının məhkəməsi keçirilib, məhkəmənin növbəti iclası oktyabrın 24-ə təyin edilib.