israilin Qüds (Yerusəlim) şəhərində 20 Yanvar faciəsinin 30-cü ildönümünə həsr olunmuş anım tədbiri keçirilib.

Open.az xəbər verir ki, "Azİz" İsrail-Azərbaycan Beynəlxalq Assosiasiyasının təşkil etdiyi tədbir 20 yanvar hadisələri zamanı həlak olanların xatirəsinin 1 dəqiqəlik sükutla yad edilməsilə başlayıb.

Tədbirdə Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Yeganə Salman, Tel-Əviv Universitetinin Diaspor Araşdırmaları Mərkəzinin böyük elmi əməkdaşı, tarix üzrə dəlsəfə doktoru Leonid Smilovitski, Rus kitabxanasının direktoru Klara Elbert, İsrail Peşəkar Rəssamlar Birliyinin üzvü Qalina Podolskaya və başqaları çıxış ediblər.

Qeyd edilib ki,1990-cı il yanvarın 19-u gecə saat 23.30-da SSRİ və Azərbaycan SSR Konstitusiyalarını kobudcasına pozaraq, Azərbaycan Respublikasının suveren hüquqlarını tapdalayaraq sovet qoşun hissələri Bakıya yeridilib. Qabaqcadan hazırlanan bu təcavüzkarlıq aksiyası Azərbaycan xalqının demokratiya və milli azadlıq uğrunda mübarizəsini boğmaq, sovet hakimiyyətini və kommunist ideologiyasını xilas etmək məqsədi daşıyıb. Nəticədə 146 nəfər öldürülüb, 744 nəfər yaralanıb, 841 nəfər həbs olunub. Həlak olanların arasında 3 yəhudi – təcili yardımın həkimi Aleksandr Marxevka, 22 güllə yarası almış Yan Meyerson və 17 yaşlı Vera Besantina da olub.

Yanvarın 21-də ümummilli lider Heydər Əliyevin Moskvada Azərbaycanın daimi nümayəndəliyinə gələrək qanlı cinayəti törədənləri ittiham etdiyi və kəskin bəyanatla çıxış etdiyinı xatırladan natiqlər bildiriblər ki, bu dəhşətli cinayəti törədənlər Azərbaycan xalqının iradəsini sındıra və məqsədlərinə nail ola bilmədilər.

O zamandan, yanvarın 20-si Azərbaycanda Ümumxalq Hüzn Günü kimi qeyd olunur və şəhidlərin xatirəsi soydaşlarımızın yaşadıqları bütün xarici ölkələrdə yad edilir.

Daha sonra 20 Yanvar faciəsinin canlı şahidləri olan Qriqori Reyxman və Əli Mehdiyevin fotoları əsasında hazırlanmış videofilm göstərilib.Tədbir çərçivəsində Qara Yanvar faciəsini əks etdirən fotostend təşkil edilib.