Daşkənddə görkəmli Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr olunmuş “Nəsiminin poeziyası dostluq və məhəbbət simvoludur” adlı konfrans keçirilib.
Open.az xəbər verir ki, Respublika Azərbaycan Milli Mədəniyyət Mərkəzi (RAMMM) və Nizami Gəncəvi adına Daşkənd Dövlət Pedaqoji Universitetinin birgə təşkilatçılığı ilə gerçəkləşdirilən tədbirdə ölkənin rəsmi qurumlarının nümayəndələri, elm, mədəniyyət xadimləri, Diasporla İş üzrə Dövlət Komitəsinin (DİDK) təmsilçisi, azərbaycanlı icmanın üzvləri, bu tədris ocağının professor-müəllim heyəti və tələbələr iştirak ediblər.
Tədbir öncəsi konfrans iştirakçıları dahi Azərbaycan şairi Nizami Gəncəvinin universitetin qarşısındakı abidəsi önünə əklil qoyub, çiçək dəstələri düzüblər.
Konfransda universitetin rektoru, “Özbəkistan-Azərbaycan” Dostluq Cəmiyyətinin sədri Şavkat Şaripov, Özbəkistan Nazirlər Kabinetinin nəzdindəki Millətlərarası Münasibətlər və Xarici Ölkələrlə Dostluq Komitəsinin bölmə müdiri Bəxtiyar Kərimov, Özbəkistan Gənclər İttifaqının əməkdaşı Mansur Baysarov, DİDK nümayəndəsi Elmira Hacıyeva, RAMMM-ın sədri Firdovsi Hüseynov, tanınmış özbək şairi və tərcüməçisi Tahir Qəhhar, Özbəkistan Yazıçılar İttifaqının üzvü, şair Əli Nəsirli, universitetin müəllimi Dilorom Adilova və başqaları Nəsiminin ölməz poeziyasından, dərin poetik fikirlərlə fəlsəfi baxışlarının vəhdətindən, Şərqin zəngin söz sənətinə qiymətli əsərlər bəxş etdiyindən, humanist ideyalarla, yeni məzmun, deyim tərzi və bədii lövhələrlə Azərbaycan dilini daha da zənginləşdirməsindən danışıblar.
Qeyd edilib ki, Azərbaycan Prezidenti İlham Əliyevin 2019-cu ilin “Nəsimi ili” elan edilməsinə dair Sərəncamına əsasən, bütün dünyada şairin 650 illik yubileyinə həsr olunmuş silsilə tədbirlər keçirilir, onun əsərləri yenidən nəşr edilir. Natiqlər bildiriblər ki, Özbəkistanda Azərbaycan ədəbiyyatına böyük maraq var və Nizami Gəncəvinin, Məhəmməd Füzulinin, İmadəddin Nəsiminin əsərləri çox sevilir.
Sonda tələbələr Nəsiminin əsərlərindən nümunələr söyləyiblər.
Daşkənddəki Foto evində keçirilən "Nəsimi tablolarda və miniatürlərdə” adlı sərgidə isə Azərbaycan rəssamlarının şairə həsr etdikləri 40-a yaxın tablo və miniatürlərinin fotoları nümayiş olunub.
RAMMM-ın təşəbbüsü ilə təşkil edilən sərginin açılış mərasiminə ölkənin mədəniyyət və incəsənət xadimləri, Azərbaycan diasporunun üzvləri, KİV təmsilçiləri qatılıblar.
Özbəkistan Nazirlər Kabineti nəzdindəki Millətlərarası Münasibətlər və Xarici Ölkələrlə Dostluq Komitəsinin əməkdaşı Dilnur Kamilov, rəssam Zeynəb Zeynalova, DİDK nümayəndəsi Elmira Hacıyeva, RAMMM-ın sədri Firdovsi Hüseynov və başqaları Nəsiminin ölməz poeziyasından danışıblar. Soydaşlarımız Leyla Qulamova və Kamilə Saruxanova şairin şeirlərini söyləyiblər. Tədbir sərgiyə baxışla yekunlaşıb.