Ukrayna Dövlət Fiskal Xidmətinin keçmiş rəhbəri Roman Nəsirov prezident olmaq niyyətindədir.

Open.az Ukrayna KİV-nə istinadən xəbər verir ki, Ukrayna Mərkəzi Seçki Komissiyası ötən gün keçirilən iclasında əslən azərbaycanlı olan Roman Nəsirovun prezidentliyə namizədliyini qeydə alıb.

Bu barədə Ukrayna MSK-nın mətbuat xidməti məlumat yayıb. MSK, həmçinin Aleksandr Şevçenkonun prezidentliyə namizədliyini də qeydə alıb.

Qeyd edək ki, Ukraynada prezident seçkiləri martın 31-də keçiriləcək.

Onu da qeyd edək ki, Roman Mikail oğlu Nəsirov 3 mart 1979-cu ildə Kiyevdə anadan olub. Atası Mikail Nəsir oğlu Nəsirov 1976-cu ildə Azərbaycandan Ukraynaya köçərək orada ailə qurub.

Xatırladaq ki, 2017-ci ilin martında Ukrayna Dövlət Fiksal Xidmətinin rəhbəri vəzifəsindən kənarlaşdırılan Roman Nəsirov 73 milyon dollar məbləğində dövlət vəsaitlərini mənimsəməkdə şübhəli bilinərək haqqında iki ay müddətinə həbs-qətiimkan tədbiri seçilmişdi. O, martın 16-da alternativ olaraq 100 milyon qriven girov qoymaqla azadlığa çıxmışdı.

Gülnar Qafarlı