Rusiyanın paytaxtı Moskva şəhərində yaşayan azərbaycanlı milyoner, iş adamı Ziyafət Kərimov həyat yoldaşı Mariya Syaçinanı küçənin ortasında ölümcül döyüb.

Open.az "Russia.tv"yə istinadən xəbər verir ki, həmin anlar təhlükəsizlik kamerası tərəfindən qeyd edilib. Mariya kömək məqsədilə Rusiyanın “Rossiya 1” telekanalında yayımlanan Andrey Malaxovun aparıcısı olduğu “Canlı efir”ə müraciət edib.

Həmin anların görüntüsü canlı yayımda nümayiş etdirilib. O, hadisənin 2017-ci il fevralın 23-də baş verdiyini bildirilib.

Olay Z.Kərimova məxsus restoranın qarşısında baş verib. İş adamı restorandan birlikdə çıxdığı Syaçinanı küçənin ortasında döyüb və təpikləyib. Ətrafdakı insanlar hadisəyə biganə yanaşıb və heç kim yardım etməyib. Hadisədən sonra qadın ayağa qalxıb və evinə yollanıb.

Syaçina proqramda hələ də ondan qorxduğunu etiraf edib: "Döyüləndən sonra evə gəldim, əşyalarımı yığdım və Moskvanı tərk etdim. İndi həyatımın təhlükədə olduğunu düşünürəm. O, məni dostlarına qısqandığı üçün döydüyünü söyləyib. Məndən üzr istəsə də, onu bağışlamadım. Hələ də ondan qorxuram".

Kərimov da hadisə barədə danışıb: "Restoranda spirtli içki qəbul etdik. Sonra Mariya aqressiv davranmağa başladı. Siqaret çəkmək üçün çölə çıxdım. O, arxamca gəldi və yenə mənə qarşı nalayiq hərəkətlər etdi. Mən də əsəbləşdim və onu döydüm. Növbəti gün ona gül dəstəsi apardım və biz barışdıq”.

Azərbaycanlı milyoner sevgilisini xəyanətdə ittiham edib. Onun sözlərinə görə, Mariya onunla münasibətdə olan zaman başqa bir oğlanla görüşüb.

Qeyd edək ki, Ziyafət Kərimov və Mariya Syaçinanın 5 yaşlı qızı var.

Gülnar Qafarlı