Azərbaycanlı əsilli rusiyalı milyarder Fərhad Əhmədov Britaniya məhkəməsinin keçmiş həyat yoldaşına verilməsi üçün qərar çıxardığı 436 milyon dollarlıq lüks yaxtasını geri alıb.

Open.az "BBC"yə istinadən xəbər verir ki, Dubaydakı Apellyasiya Məhkəməsi ingilis məhkəməsinin gəmiyə həbs qoyulması qərarını pozub.

Əhmədovun vəkili məhkəmə qərarından məmnun olduğunu, lakin təəccüblənmədiyini söyləyib. Tatyana Əhmədovanın vəkilləri isə Dubaydakı məhkəmə qarşısında cəhdlərini davam etdirəcəyini bildiriblər.

Qeyd edək ki, London məhkəməsi 2016-cı il dekabrın 15-də Tatyana Əhmədovanın xeyrinə qərar verib. Lakin bu qərar bu il mayın 11-də dərc olunub və qüvvəyə minib. Bu barədə məhkəmənin rəsmi saytında yerləşdirilən məlumatda bildirilib.

Milyarder yanvar ayında verdiyi bəyanatda London məhkəməsində baş tutmuş boşanma prosesini eks-arvadı və onun vəkilləri tərəfindən "Britaniya hüquq sistemindən çirkin sui-istifadə halı” kimi dəyərləndirib və Tatyana ilə 2000-ci ildə onun xəyanətindən sonra boşandığını vurğulayıb.

London məhkəməsinin qərarına əsasən, Tatyana Əhmədovaya ödənilməli olan təzminatın siyahısına Fransa və Londondakı daşınmaz əmlak, 350 min dollar dəyərindəki "Aston Martin” avtomobili, 90,5 milyon dollar məbləğindəki müasir incəsənət əsərlərinin kolleksiyası, eləcə də 5 ədəd "Holland and Holland” tüfəngi daxildir.

Xatırladaq ki, 1993-cü ildə ailə quran cütlük Londonda özlərinə ev alıb, daha sonra onların ilk oğlu, 3 il sonra ikinci oğulları dünyaya gəlib.

Gülnar Qafarlı

Azərbaycanlı milyarder 436 min dollarlıq yaxtasını keçmiş arvadının əlindən aldı