Azərbaycanın Los Ancelesdəki baş konsulu Nəsimi Ağayev ermənipərəst mövqeləri ilə seçilən ABŞ konqresmenləri Adam Şif (Adam Schiff) və Cəki Spierin (Jackie Speier) bu yaxınlarda dərc etdirdikləri, Azərbaycanı hədəf alan, saxta məlumatlarla zəngin və qərəzli məqaləyə cavab məqaləsi ilə çıxış edib. Məqalə fevralın 11-də ABŞ-ın “Medium” portalında dərc olunub.

Open.az xəbər verir ki, “Konqres üzvləri Azərbaycan-Ermənistan münaqişəsini deyil, sülhü təşviq etməlidirlər” başlıqlı məqalədə baş konsul Ermənistanın Azərbaycana qarşı təcavüzkarlıq, işğalçılıq və etnik təmizləmə siyasəti, Xocalı soyqırımı haqda geniş məlumat verir.

Ermənistanın son illərdə təxribatçı əməlləri barədə danışan baş konsul, ötən ilin 27 sentyabrında Ermənistanın Azərbaycana qarşı qəfil hücuma keçdiyini bildirərək, 44 günlük müharibənin nəticəsində Azərbaycanın öz torpaqlarını işğaldan azad etdiyini və suveren sərhədlərini bərpa etdiyini qeyd edir.

Müharibə zamanı döyüş meydanında uduzan Ermənistanın uşaqlar da daxil olmaqla mülki Azərbaycan vətəndaşlarını hədəfə alaraq vəhşi hərbi cinayətlər törətdiyini qeyd edən baş konsul Human Rights WatchAmnesty International kimi beynəlxalq təşkilatların hesabatlarına əsaslanaraq konkret faktları diqqətə çatdırıb. Həmçinin, Ermənistanın Yaxın Şərqdən olan terrorçuları və Avropadan olan islamofob faşist qüvvələri Azərbaycana qarşı hərbi əməliyyatlara cəlb etdiyini vurğulayıb.

Bütün bunların fonunda, baş konsul N.Ağayev sözügedən ABŞ konqresmenlərinin bütün bu illər ərzində Ermənistanın işğalçılığını, törətdiyi ağır cinayətləri, Xocalı Soyqırımını, Qarabağdakı Azərbaycan mədəni irsini məhv etməsini, məscidləri donuzxanaya çevirməsini nə üçün bir dəfə də olsun pisləmədiklərini sual edib. Həmçinin, bu Konqres üzvlərinin işğal altında olan azərbaycanlıların evlərinin dağıdılmasını, kənd və şəhərlərimizin tamamilə yer üzündən silinməsini, bütün ərazilərin minalanmasını və hazırda Ermənistanın mina xəritələrini Azərbaycanla paylaşmaqdan imtina etməsini nəyə görə susqunluqla qarşıladıqlarını soruşub.

Azərbaycan ilə ABŞ-ın sıx tərəfdaşlıq münasibətlərinin olduğunu və hər iki ölkənin bir sıra sahələrdə uğurla əməkdaşlıq etdiyini qeyd edən diplomat ABŞ milli maraqlarını deyil, yalnız öz etnik maraqlarını güdən, öz maksimalist milliyyətçiliyi ilə Azərbaycan ilə Ermənistan arasında sülhün əldə olunmasına daim mane olmağa çalışan radikal erməni lobbisinin ABŞ xarici siyasətinə təsir göstərmək cəhdlərinin qətiyyətlə rədd edilməsinin zəruriliyini bildirib.

Sonda N.Ağayev hazırda Azərbaycan ilə Ermənistan arasında nəqliyyat kommunikasiyalarının açılması üzərində işin aparıldığını və bunun davamlı sülh üçün vacib olduğunu qeyd edərək bildirir ki, bütün bunların fonunda Konqres üzvləri münaqişəni uzatmaqla deyil, əldə olunmuş sülhü gücləndirməklə məşğul olmalıdırlar.