20-21 oktyabr 2020-ci il tarixlərində virtual formatda keçirilmiş Amerika Dövlətləri Təşkilatının (ADT) Baş Assambleyasının 50-ci Sessiyasında Azərbaycan Respublikası da təşkilatın Daimi Müşahidəçisi qismində iştirak edib.

Azərbaycanın ABŞ-dakı Səfirliyindən Open.az-a verilən xəbərə görə, öz ənənəvi ermənipərəst mövqeyini davam edən ADT-nin baş katibi Luis Almaqro əvvəlki illərdə olduğu kimi bir daha Baş Assambleyadan öncə nə ADT-nin, nə də ADT üzv ölkələrinin rəsmi mövqelərini əks etdirən kəskin ermənipərəst bəyanatlarla çıxış edib.

Bununla bağlı ADT-nin bir sıra üzv ölkələri L. Almaqronun mövqeyinin beynəlxalq hüquqa və ölkələrin mövqelərinə zidd olduğunu bildirib və onun Cənubi Amerikada fəaliyyət göstərən erməni lobbisinin təsiri altında olduğunu etiraf edib.

Baş Assambleyada çıxış edən Azərbaycanın ABŞ-dakı Səfirliyinin müşaviri Orxan Zeynalov ADT baş katibinin təxribatçı bəyanatına sərt cavab verərək, tədbir iştirakçılarına cari ilin 27 sentyabr tarixindən başlayaraq qoşunların təmas xətti boyunca Ermənistanın Azərbaycana qarşı başladığı aqressiya barədə ətraflı məlumatı çatdırıb, ölkəmizin cəbhə bölgəsindən xeyli uzaq ərazilərdə, əhalinin sıx yaşadığı yerlərdə yaşayış-mülki obyektlərin raket və ağır artilleriya hücumları nəticəsində günahsız insanların öldüyünü qeyd edib. Hazırda Azərbaycan ordusunun bu aqressiyaya qarşı cavab tədbirləri görmək məcburiyyətində qaldığı və Azərbaycan əhalisinin təhlükəsizliyinin təmin edilməsi məqsədilə əks-hücum tədbirlərinin davam etdiyi bildirilib. Döyüşlərin Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində getdiyi vurğulanaraq, Ermənistanın Azərbaycan ərazilərini işğalı faktı, BMT Təhlükəsizlik Şurasının işğalçı ordunun qeyd-şərtsiz Azərbaycan torpaqlarından çıxarılması ilə bağlı müvafiq qətnamələri də xatırlanıb.

O. Zeynalov çıxışında ADT-nin baş katibinin erməni diasporunun təsiri ilə ADT adından verdiyi təxribatçı bəyanat və Səfirliyə ünvanlandığı məktubun ADT üzvü olmayan Azərbaycana qarşı açıq aqressiya olduğu, təşkilatın Nizamnaməsinin müvafiq fəslində təsbit edildiyi kimi beynəlxalq hüququn prinsipləri – suverenlik və müstəqillik prinsiplərinin kobud pozulduğu və məktubda əks olunmuş sübutsuz yalanların ADT üzv-ölkələrinin mövqeləri və BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələri ilə ziddiyyət təşkil etdiyi vurğulanıb. Şərq Yarımkürəsində baş verən hadisəyə münasibət bildirməklə ADT-nin Ümumi Katibliyinin öz mandatını və səlahiyyətlərini aşdığından ciddi narahatlıq ifadə olunub. Əlavə olaraq, ADT-nin 35 üzv-dövlətindən və 72 Daimi Müşahidəçidən ADT baş katibinin beynəlxalq hüquq və normalara zidd olan bu təxribatçı bəyanatının pislənməsi çağırışı edilib.

İclasın davamında Türkiyə Respublikasının ABŞ-dakı səfirinin müavini Sinan Ertay söz götürərək, Ermənistanın Azərbaycanın Dağlıq Qarabağ regionunu və ətraf 7 rayonu işğal etdiyini, beynəlxalq hüququn Azərbaycanın tərəfində olduğunu qeyd edib. Hazırda aqressor Ermənistanın beynəlxalq ictimaiyyət qarşısında yaratmaq istədiyi yazıq, əzilmiş obrazının tam yalan olduğu, əsl qurbanın torpaqları işğal altında olan Azərbaycan olduğunu da vurğulayıb. Türk diplomatı Türkiyənin Azərbaycana bundan sonra da mənəvi və siyasi dəstəyini davam etdirəcəyini, Ermənistanın işğala son verməsinə çağırıb. S. Ertay ADT baş katibinin heç bir beynəlxalq norma və prinsiplərə, beynəlxalq təşkilatların davranış etikasına sığmayan təxribatçı bəyanatını kəskin qınayıb.

İclasda çıxış edən Ermənistanın ABŞ-dakı səfiri Varujan Nersesyan Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı göstərdiyi “obyektiv” mövqeyə görə ADT baş katibi L. Almaqroya xüsusi təşəkkür bildirməsi ilə əslində sonuncunun erməni lobbisi ilə sıx əlaqələrini bir daha üzə çıxarıb. Xatırladaq ki, Uruqvayın sabiq xarici işlər naziri L. Almaqro erməni lobbisinin təsiri altında 2011-ci ildə Azərbaycanın işğal altında olan torpaqlarında yaradılmış qondarma quruma qanunsuz səfər edib. Əlavə etmək lazımdır ki, Baş Assambleya zamanı Meksika tərəfi Boliviyada dövlət çevrilişinə təhrik edən hesabatı təbliğ etdiyi üçün L. Almaqronun baş katib vəzifəsindən getməsini tələb edib, ötən həftə Boliviya tərəfi ölkədə keçirilmiş seçkilərə və ölkənin suverenliyinə müdaxilə ittihamı ilə L. Almaqro barədə BMT-nin insan haqları üzrə ali komissarına şikayət ünvanlayıb, Argentinanın Xarici İşlər Nazirliyi isə baş katibi Venesueladakı böhranında tutduğu mövqeyə görə kəskin tənqid edib.