Xəzər Rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanası və Antalya Azərbaycan Mədəniyyət və Həmrəylik Dərnəyi tərəfindən "Şəhidlər öləz, Vətən bölünməz" layihəsi çərçivəsində "Şəhidlik uca zirvədir" adlı onlayn tədbir təşkil edilib.

Dərnəkdən Open.az-a verilən məlumata görə, onlayn tədbir "Zoom" proqramı üzərindən həyata keçirilib.

Vətənpərvərlik ruhunda keçən tədbirdə ikinci Qarabağ müharibəsi şəhidləri Məmmədağa Səfərov, Ağami Heybətov, Vüsal İsmayılov, Tural Xudiyev,Əliyev İbrahim və Vüsal Salamovun ailə üzvləri fikirlərini bölüşüblər.

Azərbaycan Yazıçılar Birliyi Xəzər rayon bölməsinin sədri, şair tədqiqatçı Arif Buzovnalı və Azərbaycan Yazıçılar Birliyinin üzvü, prezident təqaüdçüsü, şairə Gülnar Səma çıxışında şəhid ailələrinin daima yanında olduqlarını bildiriblər və qeyd ediblər ki, şəhidlik ən uca zirvədir və bu zirvə hər insana nəsib olmur.

Daha sonra söz Şəhid Məmmədağa Səfərovun təhsil aldığı Türkiyə Balıkesir Universitetinin müəllimlərinə verilib .Professor Sare Çelik, Makina mühəndislik fakültəsinin mexanika kafedrası müdri Alaaddin Toktaş və professor Murat Erhan BALCI öz dəyərli fikirlərini bölüşüblər.

Şəhid Əfqan Əliyev adına 125 saylı tam orta məktəbin direktoru Zeynəb Əliyeva və məktəbin Azərbaycan dili və ədəbiyyatı müəllimi Gülarə Salami da şagirdləri ilə bağlı xatirələrini bölüşüblər.

Antalya Azərbaycan Mədəniyyəti və Həmrəyliyi Təşkilatının üzvləri hər zaman Azərbaycan xalqının yanında olduqlarını bildiriblər və artıq tək dövlət, tək millət olduğumuzu vurğulayıblar.

Sonda 125 saylı məktəbin 5 ci sinif şagirdi Xəzər rayon MKS-in 3 saylı filialının fəal oxucusu Əliyev Nihatın ifasında səslənən "Azərbaycan" şeiri konfrans iştirakçıları tərəfindən alqışlarla qarşılanıb.