Türkiyənin Antalya şəhərində işğalçı Ermənistan ordusunun Azərbaycana qarşı təcavüzünə, Azərbaycan ərazisindəki növbəti hərbi təxribatlarına etiraz olaraq icazəli aksiya keçirib.

Open.az xəbər verir ki, Antalya-Azərbaycan Kültür və Həmrəylik Dərnəyinin təşkilatçılığı ilə gerçəkləşdirilən etiraz aksiyası Azərbaycan Kültür Parkında baş tutub. Mitinqdə siyasi partiyaların əyalət şöbələrinin, qeyri-hökumət təşkilatlarının nümayəndələri, yerli sakinlər və Azərbaycan icmasının təmsilçiləri iştirak ediblər.

Aksiya iştirakçıları Ermənistan silahlı qüvvələrinin Gəncə şəhərini və digər yaşayış məntəqələrini yenidən raket atəşinə tutması nəticəsində mülki vətəndaşların, o cümlədən azyaşlı uşaqların və qadınların həlak olmasının, mülki obyektlərin dağıdılmasının vandalizm aktı olduğunu bildiriblər və dünya ictimaiyyətini Azərbaycana qarşı qərəzli mövqe tutmamağa, erməni terroruna göz yummamağa çağırıblar.

Mitinq iştirakçıları "Terrora yox deyirik!", "Gəncə cəbhə bölgəsi deyil!", "Erməni terrorunu dayandırın!", "Uşaq ölümünə son qoyulsun", "Mülki insanlar toxunulmazdır!", "Qarabağ Azərbaycandır!" və sair şüarlar səsləndiriblər.

Qeyd edək ki, humanitar atəşkəs rejimini kobud şəkildə pozan Ermənistan ordusu 11 oktyabr və 17 oktyabr 2020-ci il tarixlərində gecə saatlarında Azərbaycanın cəbhə zonasından kənarda yerləşən, ikinci böyük şəhəri olan Gəncəni raket atəşinə tutub. İşğalçı Ermənistan ordusunun raket zərbələri nəticəsində Gəncənin mərkəzi hissəsində yerləşən çoxmənzilli yaşayış binaları dağılıb, mülki obyekrlərə ciddi ziyan dəyib, hər iki terror aktı nəticəsində 23 nəfər həlak olub, 83 dinc sakin ağır yaralanıb, şəhərə külli miqdarda ziyan dəyib.