Ötən gün Almaniyanın 6 əyalətində 38-dən çox ev və iş yerlərinə basqın zamanı Azərbaycanın 7 vətəndaşı saxlanılıb.

Open.az “Report”a istinadən xəbər verir ki, Almaniyada qanunsuz miqrasiya işləri ("miqrant alveri") ilə məşğul olmaqda şübhəli bilinən cinayətkar dəstənin saxlanılan üzvləri barəsində yerli federal məhkəmələr tərəfindən 6 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Barələrində həbs qətimkan tədbiri seçilən şəxslər aşağıdakılardır:

1. Elçin Əkbərov - Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 9 və 14 saylı məntəqə tipli cəzaçəkmə müəssisələrinin sabiq rəisi,

2. İlham Həsən - Müsavat Partiyası Avropa Koordinasiya Mərkəzinin (Müsavat AKM) sədri, Kəlbəcər rayonunun sabiq icra başçısı,

3. Mehdi Xəlilbəyli - Müsavat partiyasının üzvü, Müsavat AKM sədrinin müavini,

4. Abdin Cavadov - Müsavat AKM-in üzvü,

5. Əlövsət Əliyev - “Leqat” inteqrasiya mərkəzinin rəhbəri, sabiq polis rəisi,

6. Rəşad Məmmədov - Mehdi Xəlilbəylinin sürücüsü,

7. Elşən Abdullayev - Müsavat Partiyasının üzvü

Qeyd edək ki, ötən gün Almaniyada polis miqrant alveri ilə məşğul olan azərbaycanlılardan ibarət dəstəyə qarşı əməliyyat təşkil edib.

Federal Kriminal polis ölkənin Nidersaksen, Şlezviq-Holşteyn, Bremen, Şimali Reyn Vestfaliya, Bradenburq və Reynland-Pfalts əyalətlərində 38-dən çox ev və iş yerlərinə basqın edib.

Obyektlərdə aparılan yoxlamalar zamanı çoxlu sayda xarici ölkə vətəndaşlarına aid pasportlar, viza çap edən xüsusi aparatlar, nağd pul və silah tapılaraq götürülüb.