Bir həftə öncə Almaniyanın Bavariya əyalətində sığınacaq axtaranların düşərgəsində Nigeriya və Azərbaycandan gələn miqrantlar arasında kütləvi dava baş verib.

Open.az xəbər verir ki, bu barədə "Bavariya Wochenblatt" nəşri məlumat yayıb.

Məlumata görə, qarşıdurma zamanı düşərgə gözətçisi və iki polis əməkdaşı da daxil olmaqla 9 nəfər yaralanıb. Qaçqın düşərgəsinin binalar kompleksinə ciddi maddi ziyan dəyib.

Kütləvi toqquşmalar zamanı saxlanılan 39 yaşlı azərbaycanlı ifadə verdikdən sonra sərbəst buraxılıb. Digər həmyerlimiz, 36 yaşlı azərbaycanlı hadisədən iki gün sonra tutulub və istintaq təcridxanasına yerləşdirilib.

Prokurorluq hadisə barədə istintaq başladıb.

Bavariyanın Daxili İşlər naziri Yoahim Herrmann kütləvi davada iştirak edən Nigeriya və Azərbaycandan olan miqrantların sərt cəzalandırılmasını, eyni zamanda sürətlə deportasiya edilməsini tələb edib.

Gülnar Qafarlı